“Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər–2020” mövzusunda onlayn respublika elmi-praktik konfransı keçirilib
Naxçıvan Müəllimlər İnstitutu tərəfindən Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun fəal iştirakı ilə “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər–2020” mövzusunda onlayn respublika elmi-praktik konfransı keçirilib.
İclası giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov açaraq konfransın əhəmiyyəti və institutda fənn kurikulumlarının tətbiqi ilə bağlı görülmüş işlərdən danışıb. Bildirilib ki, hər il ənənəvi olaraq institutda mövzu ilə əlaqədar olaraq respublika elmi-praktik konfransı keçirilir. Kurikulum islahatlarının tarixinə toxunan rektor qeyd edib ki, ötən tədris ilində ölkəmizdə müstəqillik illərinin ən mühüm təhsil islahatlarından olan ümumi təhsildə kurikulum islahatlarının tətbiqi ilə tam orta təhsil almış ilk məzunlar müstəqil həyata qədəm qoyublar. Rektor vurğulayıb ki, institutda muxtar respublikada müəllimlərin ixtisasartırması və təkmilləşdirilməsi, təhsilin bütün pillələri üzrə fəaliyyət göstərən pedaqoji ictimaiyyətin elmi-metodik təminatı ilə bağlı həyata keçirilməsi funksional vəzifələr sırasındadır.
Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək qeyd edib ki, ölkəmizdə aparılan təhsil islahatları, qəbul edilmiş Dövlət Proqramlarının nəticəsidir ki, mövcud karantin dövründə həm orta , həmdə ali təhsil sistemində təlim-tərbiyə işləri ilə yanaşı elmi-praktik işlər də günün tələbləri səviyyəsində aparılır, müxtəlif proqramlar vasitəsilə konfranslar, seminarlar təşkil edilir. Bildirilib ki, universitetdə yaradılan müasir maddi-texniki imkanlar, distant təhsil şəbəkəsi üçün yaradılan infrastruktur bugün 1000-ə yaxın insanı mövcud proqram vasitəsilə virtual məkana dəvət etmək gücündədir. Rektor rəhbəri olduğu ali təhsil ocağında pedaqoji profilli ixtisaslar haqda məlumat verib. Qeyd edilib ki, pedaqoji profilli 16 ixtisasın mövcud olduğu universitetdə həmçinin magisrtatura səviyyəsini 5 ixtisas üzrə 50-yə yaxın tələbə təhsil alır. Diqqətə çatdırılıb ki, ali təhsil ocağında doktorantura səviyyəsində pedaqoji profilli ixtisasların tədqiqat yönümlü işlərə cəlb edilməsi peşənin gələcək perspektivindən xəbər verir.
Sonra Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Rəhman Məmmədov müasir dövrdə ümumtəhsil məktəblərində kurikulumun tətbiqi ilə bağlı yaradılan şərait və kurikulumun tətbiqindən sonra təhsildə qazanılan uğurlar barədə məlumat verib. Vurğulanıb ki, muxtar respublikada təhsilin bütün sahələri dövlət qayğısı ilə əhatə olunub, müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Təhsilə hərtərəfli dövlət qayğısı muxtar respublikada pedaqoji kadrlardakı təkmilləşmələr, fənn kurikulumları və
təhsil standartlarının, distant təhsilin tətbiqi, informasiya-kommunikasiya texnologiyalarından istifadəyə geniş yer ayrılması bu sahədə əhəmiyyətli uğurlar qazanılmasına şərait yaradıb. Nazir gənc müəllimlərdən ibarət assosiasiyanın yaradılmasından danışıb. Qeyd edilib ki, muxtar respublika təhsil strategiyasının mühüm tərkib hissəsi kimi birliyin yaradılmasında əsas məqsəd azad fikrə, yaradıcı gücə, innovativ biliklərə malik olan fəal gənc müəllimlərin bir araya gəlməsi və innovativ layihələrin tətbiqi və icrasıdır.
Sonra Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşı, pedaqogika üzrə elmlər doktoru İntiqam Cəbrayılovun “Şagirdlərin təlim nailiyyətlərinin pedaqoji monitorinqi” , Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Tamara Baxşəliyevanın isə “İbtidai siniflərdə fənlərarası inteqrasiyanın təşkili təcrübəsi” mövzusunda məruzələri dinlənilib.
Konfrans “Ümumi təhsildə kurikulum islahatlarının əsas istiqamətləri: hədəflər və reallıqlar”, “Məzmun standartları, qiymətləndirmə və monitorinq: direktiv sənədlər və məktəb təcrübəsi”, “ Təlim strategiyaları və müasir pedaqoji texnologiyalar: fəaliyyət və nəticələr” , “Məktəbəqədər və ibtidai təhsildə kurikulumların tətbiqi məsələləri”, “Təbiət fənləri üzrə kurikulumların tətbiqi məsələləri”, “Humanitar fənlər üzrə kurikulumların tətbiqi məsələləri”, “Şəxsiyyətyönümlü kurikulumlarıntətbiqinin psixoloji problemləri”, “Kurikulum islahatları və tərbiyə məsələləri” bölmələri üzrə öz işini davam etdirib.
120-dən çox nümayəndənin qatıldığı konfransda Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Universitetinin professor müəllim heyəti, Azərbaycan Respublikasının Təhsil İnstitutunun, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin əməkdaşları ilə bərabər muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri müəllimlərinin 80-dən çox məruzəsi dinlənilib.
Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat və ictimaiyyətlə əlaqələr xidməti