Naxçıvan Müəllimlər İnstitutunda “Dəmir Əqidəli Gənc” sənədli filmi təqdim olunub

    Naxçıvan Müəllimlər İnstitutu və Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda hazırlanmış “Dəmir Əqidəli Gənc” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Tədbirə başlamazdan əvvəl Naxçıvan Müəllimlər İnstitutunun məzunu, Vətən müharibəsi şəhidi Ruhid İslamlının əziz xatirəsinə həsr olunmuş sərgi ilə tanışlıq olub. Sərgidə şəhidin təhsil illərindən bəhs edən fotoşəkillər, şəxsi əşyalar və sənədlər nümayiş etdirilib. Bu sərgi tədbir iştirakçıları üçün həm qürurverici, həm də duyğusal bir an yaşadıb, Ruhidin keçdiyi mənalı həyat yoluna bir daha işıq salıb.
İlk öncə Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun Tədris işləri üzrə prorektoru, rektor vəzifələrini icra edən Elşən Məmmədov qonaqları salamlayıb, şəhid Ruhid İslamlının timsalında Vətən uğrunda canını fəda etmiş bütün qəhrəmanların əziz xatirəsinin daim uca tutulduğunu bildirib.
“Şəhid Ruhid İslamlı institutumuzun fəal tələbələrindən biri olub. Onun keçdiyi şərəfli həyat yolu hər bir tələbəmiz üçün örnəkdir. Biz bu gün təkcə bir sənədli filmə baxmırıq, həm də bir əqidənin, bir vətən sevgisinin izlərini izləyirik. Bu film gənclərimizə təkcə keçmişi deyil, gələcəyə necə iradə ilə baxmağı da öyrədir.” -deyən Elşən Məmmədov qeyd edib ki, bu cür sənədli filmlər və onların ətrafında təşkil olunan tədbirlər, təkcə xatirəni yaşatmaq deyil, həm də gənc nəslin vətənə, dövlətə və milli dəyərlərə bağlı ruhda yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Elşən Məmmədov çıxışının sonunda bu təşəbbüsə görə Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon Təşkilatına təşəkkürünü bildirərək, bu kimi ortaq layihələrin davamlı olmasının vacibliyini vurğulayıb.
Daha sonra tədbir iştirakçıları “Dəmir Əqidəli Gənc” sənədli filminin nümayişini izləyiblər. Film Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş igidlərimizin həyat yolunu, onların mübarizəsini və əqidəsini əks etdirir.
Filmin nümayişindən sonra şəhid Ruhid İslamlının atası Uğur İslamov çıxış edərək göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, oğlunun keçdiyi qürurverici yolun sənədli film vasitəsilə əbədiləşdirilməsini yüksək dəyərləndirərək, bu cür təşəbbüslərin şəhid ailələri üçün mənəvi dayaq olduğunu vurğulayıb:
“Oğlum Ruhid öz Vətəninə sevgi ilə böyümüş, əqidəsi, vicdanı və iradəsi ilə fərqlənən bir gənc idi. Onun kimi minlərlə şəhidimizin həyatı bir amal uğrunda qurban verildi – azad, suveren və güclü Azərbaycanın gələcəyi üçün. Bu gün burada onun xatirəsinin belə dəyərli şəkildə yad olunması bizim üçün təkcə qürur deyil, həm də təsəllidir. Ruhid kimi gənclərin yaddaşlarda qalması üçün bu cür layihələrin həyata keçirilməsi böyük mənəvi missiyadır.”
Uğur İslamov sonda hər bir gəncin şəhidlərin ideallarını yaşatmasının və Vətənə xidmət etməsinin ən böyük vəzifə olduğunu diqqətə çatdırıb.
Sonra Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov “Dəmir Əqidəli Gənc” sənədli filminin video diskini Naxçıvan Müəllimlər İnstitutunun elektron kitabxanasına hədiyyə edib. O, çıxışında filmin ərsəyə gəlmə ideyasından, şəhid Ruhid İslamlı timsalında Azərbaycanın əqidəli gənclərinin tarixi missiyasından və bu cür layihələrin gələcək nəsillər üçün mənəvi miras olmasından bəhs edib, filmin institutun hər bir tələbəsi üçün təkcə izlənəcək sənədli material yox, həm də düşündürən, ruhlandıran bir məktəb olmasını istədiyini deyib.
Tədbirin yekununda Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Elman Cəfərli çıxış edərək Ruhid İslamlının ailəsinə dərin ehtiramını ifadə edərək, əziz xatirəsini yaşatmaq məqsədilə xatirə hədiyyəsi təqdim edib, onun həyat yolunu Azərbaycan gəncliyi üçün örnək kimi dəyərləndirib.