Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Elmi Cəmiyyətinin Yekun Konfransı keçirilmişdir

Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov qeyd etdi ki, tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini yerinə yetirən Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti cari tədris ilində də rektorluğun daim nəzarəti və qayğısı altında olmuşdur. Rektor bu sahədə aparılan işlərin əhəmiyyətindən bəhs etdi. O bildirdi ki, təhsilalanları elmi tədqiqat fəaliyyətinə cəlb etmək üçün institutda sistemli tədbirlər həyata keçirilir. Hər  tədris ilinin əvvəllərində TEC xətti ilə tələbələrlə görüşlər keçirilir, elmi-tədqiqatın əhəmiyyət, forma və metodları barəsində onlarla söbətlər aparılır. Kafedralarda təqdim edilmiş mövzular üzrə hər bir müəllimin ən azı iki tələbəyə rəhbərliyi təmin edilir. Tələbə elmi tədqiqat işi təsdiq edilmiş qrafik-tapşırıq üzrə ilboyu icra olunur. Bunlardan başqa digər elmi-təşkilati tədbirlərə də geniş yer verilir. Belə ki, cari tədris ilində də Naxçıvan Müəllimlər İnstitutuda “Elm günü” ilə bağlı  tədbirlər planı hazırlanıb reallaşdırılmışdır. “Elm günləri” çərçivəsində  ilk tədbir kimi “Təhsilalanların elmi-tədqiqat fəaliyyətinin təşkili vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə təşkil edilmişdir. Bu tədbir institutun Tələbə Elmi Cəmiyyəti üzvləri – sabahın alimləri üçün və onların elmi rəhbərlərinin, habelə uyğun struktur bölmələrin iştirakı ilə keçirilmişdir.

Bu yaxınlarda institutda tələbələr üçün innovasiya mühitinin təşkil edilməsi və innovativ təkliflərinin həyata keçirilməsini təmin etmək məqsədilə fəaliyyət göstərən İnnovasiya laboratoriyasının təşkilatçılığı ilə “Tədris, tədqiqat  və  innovasiyanın vəhdəti” adı altında Doktorant və magistrantların III Regional Elmi Konfransı keçirilmişdir.  Konfransda Naxçıvan Müəllimlər İnstitutunun,  Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin və AMEA Naxçıvan Bölməsinin doktorant və magistrantları olmaqla, 120-dən çox gənc tədqiqatçı iştirak və məruzələrlə çıxış etmişdir. Qeyd olundu ki, bütün bu tədbirlər gələcəyin alimlərinin hazırlanmasında xüsusi əhəmiyyət kəsb edir. Sonda o, tələbələrin yekun elmi konfransına uğurlar dilədi, elmi rəhbərlərə və bu sahədə əməyi olan hər kəsə təşəkkür etdi.

Konfransın plenar iclasında institutun Elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı Naxçıvan Müəllimlər İnstitutunda 2020-2021-ci tədris ilində tələbələrin elmi-tədqiqat fəaliyyətinin yekunları haqqında geniş məlumatla çıxış etdi. Qeyd olundu ki, tələbələrin elmi-tədqiqat işləri sahəsində əvvəlki illərlərlə müqayisədə builki kəmiyyət və keyfiyyət göstəricilərində xeyli irəliləyişlər müşahidə edilməkdədir. Belə ki, fakültələr üzrə tələbə elmi konfransları  TEC-in institut və fakültə şuralarının fəal təşkilatçılığı və uyğun struktur bölmələrin kifayət qədər zəhməti sayəsində yüksək səviyyədə keçirilmişdir. 200-ə qədər tələbə və magistrantın tədris ili ərzində yerinə yetirdiyi işlər uyğun kafedraların turundan keçməklə, Pedaqoji fakültənin konfransında cəmi 113 nəfər, Təbiət və incəsənət fakültəsində 73 nəfər məruzə ilə çıxış etmişdir. Hər iki fakültə üzrə  müzakirələrdən keçmiş işlər, o cümlədən Pedaqoji fakültə üzrə – 57 iş, Təbiət və incəsənət fakültəsi üzrə – 41 iş, habelə magistranrlardan 2 iş, cəmi 100 iş institut üzrə yekun konfransa buraxılmışdır.

Sonra konfransın plenar iclasında 4 tələbə elmi işi üzrə məruzələr dinlənildi. İnstitutun tədqiqatçı tələbələrindən Aysun Nağdəliyeva, Songül Cavadova, Şəbnəm Sadıqova və Şərmin Məmmədlinin aktual mövzularda təqdim etdikləri məruzələr konfrans iştirakçılarının marağına səbəb oldu. Konfransın Təşkilat komitəsiümumiyyətlə tələbə elmi konfransına olan böyük marağı nəzərə alaraq, elektron-texniki vasitələrin köməyi ilə plenar iclasın daha iki auditoriyaya birbaşa yayımlanmasını təmin etmişdi.

Fasilədən sonra konfrans öz işini 8 bölmədə – Pedaqogika  və  psixologiya, Humanitar və ictimai fənlər, Xarici dillər və onların tədrisi məsələləri, Filoloji fənlər və onların  tədrisi məsələləri, Riyaziyyat və onun tədrisi məsələləri, Ümumi fənlər, Ali riyaziyyat,  İnformatika və fənlərin tədrisi metodikası bölmələrində davam etdirdi. Bölmə iclaslarında 96 iş üzrə məruzələr dinlənildi və müzakirə edildi.

Sonda konfransın yekun iclası oldu. Rəhbərlər uyğun bölmələrin işinin yekunlarına dair məlumat verdilər. Bildirildi ki, bütün bölmələrdə iclaslar mütəşəkkil və diskussiya şəraitində keçirilib. Tələbələrin demək olar ki, hamısı təqdimatlarında İKT-nin imkanlarından geniş şəkildə istifadə etmək bacarığını da nümayiş etdirib. Hər bölmədə ən yaxşı işlər I, II və III yerlərə layiq görülüb, aktuallığı, işlənmə dərəcəsi və təqdimatı ilə seçilən digər işlərdən bəziləri isə çapa tövsiyə edilib. İclasda qaliblər elan edildi. Onların mükafatlandırılmasının elmi rəhbər və tələbələrin geniş iclasında həyata keçirilməsi qərara alındı. Bununla Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Elmi Cəmiyyətinin Yekun Konfransı öz işini uğurla başa vurdu.