2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Naxçıvan Müəllimlər İnstitutunun təsdiq olunmuş Tədbirlər Planına əsasən keçirilən elmi konfranslar silsiləsi çərçivəsində “Azərbaycan dili və ədəbiyyat” kafedrasının təşkilatçılığı ilə “Təhsil müəssisələrində ədəbi nümunələrin öyrədilməsinə elmi-metodiki yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirin açılışında institutun Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən Elşən Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib. O, qeyd edib ki, bu cür elmi tədbirlər ali təhsil müəssisələrində tədrisin elmi-metodiki əsaslarla zənginləşdirilməsi, müəllim hazırlığı prosesində keyfiyyətin artırılması baxımından mühüm rol oynayır.
Konfransda ilk olaraq Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Yusif Səfərov “Ali məktəblərdə ədəbi-bədii əsərlərin tədrisinə yeni elmi-metodiki yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib. Məruzəsində o, ədəbiyyatın tədrisində tələbələrin tənqidi düşünmə və yaradıcı təfəkkür bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif elmi-metodiki yanaşmaların tətbiqinin vacibliyini vurğulayıb. Eyni zamanda, müasir pedaqogika və psixologiya sahələrindəki yeniliklərin tədris prosesinə inteqrasiyası ilə bağlı praktiki nümunələr təqdim edib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova “Ümumtəhsil məktəblərində uşaq ədəbiyyatı mətnləri üzərində işin metodiki xüsusiyyətləri” mövzusunda çıxışında yaş səviyyəsinə uyğun mətnlərin seçimi, yaradıcı fəaliyyətin təşkili və şagirdlərin bədii təfəkkürünün inkişafına yönəlmiş metodlarla bağlı elmi əsaslandırmalar verib.
Kafedranın baş müəllimi, fəlsəfə doktoru proqramı üzrə dissertant Şəbnəm Əliyeva isə “Ali məktəblərdə Müasir Azərbaycan dili fənninin tədrisinə metodiki yanaşmalar” mövzusunda çıxış edərək bu sahədə aktual olan kommunikativ, problemyönlü və fəaliyyətəsaslı metodların tətbiqinin əhəmiyyətindən bəhs edib.
Konfransda institutun Elm və innovasiya məsələləri üzrə prorektoru Qurban Qurbanlı çıxış edərək praktik təcrübələrin və elmi-metodiki yanaşmaların əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu cür tədbirlər yalnız nəzəri deyil, eyni zamanda praktik yönümlü tədqiqatların və metodik inkişafların təşviqi baxımından da xüsusi əhəmiyyət daşıyır. Elm və tədrisin vəhdəti, eləcə də müasir metodların müəllim hazırlığına tətbiqi institutun strateji fəaliyyətində mühüm yer tutur.
Sonda iştirakçılar mövzular ətrafında geniş diskussiya aparıblar. Tədbir iştirakçıları metodik yeniliklərin tədris prosesinə inteqrasiyası ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbir, institutun “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirdiyi uğurlu elmi fəaliyyətlərdən biri kimi dəyərləndirilib.


