Naxçıvan Müəllimlər İnstitutunda VII Respublika Elmi Konfransı keçirilib

     “24–25 aprel tarixlərində Naxçıvan Müəllimlər İnstitutunda keçirilməsi nəzərdə tutulan “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusunda magistrant və gənc doktorantların VII Respublika Elmi Konfransının ilk günü uğurlu olub.
Hibrid formatda təşkil olunan VII Respublika konfransında iki gün ərzində Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universieteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və ümumilikdə 24 olmaqla ölkənin digər ali təhsil və elmi müəssisələrindən 250-dən artıq tədqiqatçı iştirak edəcək.
Tədbirin açılış mərasimi Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin açılışında giriş sözü ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsini icra edən, Tədris işləri üzrə prorektor dosent Elşən Məmmədov konfransın elmi və praktik əhəmiyyətindən geniş şəkildə bəhs edib. O, bu kimi tədbirlərin elm və təhsilin inteqrasiyası baxımından xüsusi önəm daşıdığını, eləcə də ali təhsil müəssisələrində innovativ təlim metodlarının inkişaf etdirilməsi üçün stimul yaratdığını bildirib.
Elşən Məmmədov qeyd edib ki, konfransın əsas məqsədi bütövlükdə ölkədə fəaliyyət göstərən gənc tədqiqatçıları hibrid (ənənəvi və videobağlantı) formatda bir araya gətirmək, onların əldə etdiklərielmi nəticələrinin digər tədqiqatçılarla bölüşməsinə və müzakirə etməsinə şərait yaratmaq, təhsil-tədqiqat-innovasiyaya olan maraqlarını daha da artırmaqdır.
Rektor vəzifəsini icra edən Elşən Məmmədov konfransın təşkilində fəal iştirak edən tərəfdaş universitetlərin rəhbərlərinə və iştirakçılara təşəkkürünü bildirərək, bu əməkdaşlığın gələcəkdə də davam etməsinin zəruriliyini önə çəkib. O çıxışının sonunda konfransın işinə uğurlar arzulayaraq, bu cür elmi müzakirələrin təhsil sistemində keyfiyyətin artırılmasına, eləcə də gələcək elmi istiqamətlərin müəyyənləşdirilməsinə mühüm töhfə verəcəyinə inandığını bildirib.
Açılış mərasiminin moderatoru, institutun Elmi fəaliyyətin təşkili və təhlili üzrə baş metodisti Gülnar Hüseynova çıxışçılar haqqında məlumat verib və onların elmi-pedaqoji fəaliyyətini qısa şəkildə təqdim edib.
Konfransda ilk olaraq Türkiyə Respublikasının Ege Universitetinin professoru Mustafa Özgür Tatar məruzə ilə çıxış edərək Azərbaycan və Türkiyə təhsil və tədqiqat sistemləri arasında metodoloji bənzərliklər və fərqləri elmi əsaslarla təqdim edib, gənc tədqiqatçılara tövsiyyələrini bildirib.
Daha sonra institutun Pedaqogika və psixologiya kafedrasının professoru, pedaqoji elmlər doktoru, Azərbaycanın Əməkdar müəllimi Kamal Camalov müasir təhsil yanaşmalarında psixopedaqoji əsaslara söykənən metodların, xüsusilə də interaktiv və inkişafetdirici strategiyaların əhəmiyyətini qeyd edib. O, məruzəsində milli pedaqoji irslə müasir elmi yanaşmaların vəhdətinin zəruriliyini vurğulayaraq, bu istiqamətdə konkret təcrübələrə və tədqiqatlara istinad edib.
Açılış mərasiminin davamında Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nərgiz Hacıyeva çıxış edərək, təhsilin yalnız elm və bilik yönümlü deyil, həm də sosial-iqtisadi mühitin formalaşmasında əsas vasitələrdən biri olduğunu qeyd edib. O, dünyada elmi fəaliyyətin təçkili məsələlərindən, habelə ölkənin aparıcı tədqiqatçılarının, xüsusilə gənc tədqiqatçıların öz elmi nəticələrinin dünyada nüfuzlu elmmetrik jurnallarda nəşrinə nail olmağın yollarından bəhs edib.
Yekunda Elm və innovasiya məsələləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə elmi tədqiqatların və innovativ yanaşmaların tətbiqinin zəruriliyini vurğulayıb. O, elmi-tədqiqat işlərinin stimullaşdırılması, təhsilalanların elmi fəaliyyətə cəlb olunması və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi kimi istiqamətlərin institutun prioritet fəaliyyət sahələri olduğunu qeyd edib. Prorektor bildirib ki, bu məqsədlə institutda müxtəlif elmi konfranslar, layihələr və beynəlxalq əməkdaşlıq proqramları mütəmadi şəkildə həyata keçirilir.
Çıxışının davamında Qurban Qurbanlı institutun yaranmasının 25 illik yubileyi münasibətilə keçdiyi inkişaf yoluna da nəzər salıb. O, bu dövrdə institutun ölkənin ali təhsil məkanında qazandığı uğurlardan bəhs edərək, təhsil müəssisəsinin dövlətçilik dəyərlərinə sadiqliyini, eləcə də milli-mənəvi dəyərlərin təbliğindəki müstəsna rolunu xüsusi vurğulayıb. Qeyd olunub ki, institut həm elmi, həm pedaqoji sahədə əldə etdiyi nailiyyətlərlə regionun elmi-mədəni həyatına mühüm töhfələr verməkdədir.
Konfrans plenar iclasdan sonra bugün üçün 11 bölmədə öz işini davam etdirib.
Qeyd edək ki, iki gün ərzində ümumilikdə 22 paneldə aparılmış müzakirələrdə gənc tədqiqatçılar müxtəlif elm sahələri üzrə məruzələrlə çıxış edəcək, sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.