Naxçıvan Müəllimlər İnstitutunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Qədirbilən Azərbaycan xalqı özünün görkəmli şəxsiyyətləri, istedadlı oğul və qızları, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini həmişə əziz saxlayır. Aprelin 28-də dünya şöhrətli alim-oftalmoloq, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur. Bu ərəfədə ölkəmizin hər yerində, o cümlədən doğulduğu qədim və əzəli Azərbaycan diyarı Naxçıvanda da Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə, zəngin elmi yaradıcılığına və insani keyfiyyətlərinə həsr olunan müxtəlif tədbirlər həyata keçirilir. Naxçıvan Müəllimlər İnstitutunda bu gün təşkil edilmiş maraqlı tədbir də bu qəbildəndir.

Tədbiri giriş sözü ilə institutun rektoru Elbrus İsayev açaraq, akademik Zərifə xanım Əliyevanın zəngin həyat yolundan bəhs etdi. Natiq bildirdi ki, müasir gənclimiyizə təkrarsız nümunə olan Zərifə xanım Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, ictimai-siyasi həyatdakı fəal mövqeyi, eləcə də qayğıkeş insan, layiqli həyat yoldaşı və əsil azərbaycanlı anası kimi də tariximizə düşmüşdür. Zərifə xanım Əliyeva görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmış və həyatın çətin sınaqlarını görmüş, ulu öndər, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi həyatın çətin, keşməkeşli, həm də şərəfli yollarında onunla birgə addımlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi övlad böyütmüşdür. Zərifə xanım fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və ziyalı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı əsərlər yazılıb və yazılacaqdır. Bugünkü tədbirin əhəmiyyəti ondadır ki, iştirakçıların əksəriyyəti – Naxçıvan Müəllimlər İnstitutunda təhsil alan çoxsaylı gənc qızlar sabahın müəllimləri və anaları olaraq cəmiyyətimizdə bir peşəkar və ana kimi yeni-yeni nəsillərin yetişdirilməsi ilə məşğul olacaqlar. Təlim-tərbiyə sahəsində nümunənin əvəzsiz vasitə olduğu isə müasir pedaqogika elmi və təcrübəsinin danılmaz müddəalarındandır. Rektor tədbirdə iştirak edən tələbə-gəncləri bu böyük şəxsiyyətin bənzərsiz həyat yoluna bir daha nəzər salmağa, ondan nümunə götürməyə səslədi.

Naxçıvan Müəllimlər İnstitutunun Ümumi fənlər kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Asif Axundov akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş geniş məruzə ilə çıxış etdi. Məruzəçi dünya şöhrətli alim-oftalmoloqun elmi, pedaqoji və ictimai fəaliyyətindən ətraflı bəhs etdi.

Tədbirdə akademik Zərifə xanım Əliyeva xatirəsinə həsr olunmuş filmə kollektiv baxış oldu. Tədbir iştirakçılarda bu nurlu insana bir daha dərin hörmət və rəğbət hissiləri oyatdı.