Naxçıvan Müəllimlər İnstitutunda “1 Əsrlik Muxtariyyət ” adlı elmi – nəzəri konfrans keçirilmişdir.

437491195_962749478839837_8109635946512886084_n
   8.04.2024 – cü il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “1 Əsrlik Muxtariyyət ” adlı elmi – nəzəri konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan institutun rektoru Azad Novruzov qeyd etmişdir ki, Prezident İlham Əliyevin 2023-cü il dekabrın 30-da imzaladığı “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı Naxçıvanın muxtariyyət tarixinin və inkişaf yolunun müstəqillik ideyaları əsasında azərbaycançılıq mövqeyindən yenidən öyrənilməsinə mühüm stimul verir. O qeyd etmişdir ki, Prezident İlham Əliyevin Naxçıvanın modern inkişafı naminə hazırladığı dövlət proqramı 100 illik yubileyini qeyd edən, inkişaf, tərəqqi yolunda inamla irəliləyən muxtar respublikanın yüksəlişinə müsbət impuls verəcək. Naxçıvan yenə də daha yüksək inkişaf dinamikasına görə seçiləcək və dövlət proqramına uyğun olaraq yeni istehsal müəssisələrinin, iri sənaye obyektlərinin, ekoturizm şəbəkəsinin yaradılması, “yaşıl enerji” istehsalı muxtar respublikanın region ölkələri ilə sıx inteqrasiyasını daha da dərinləşdirəcək.
Daha sonra konfransda institutun Pedaqoji fakültəsinin dekanı dos.Samirə Həsənova, “Humanitar və ictimai fənlər” kafedrasının müdiri Aslan İbrahimov və “Azərbaycan dili və ədəbiyyat” kafedrasının dissertantı Şəbnən Əliyeva və “Tarix müəllimliyi” ixtisası üzrə I kurs tələbəsi Natella Qazıyeva çıxış edərək bildiriblər ki, bu gün ardıcıl, düşünülmüş, uzaqgörən siyasətin nəticəsində güclü, qüdrətli Azərbaycan dövlətinin inkişaf dinamikasını əks etdirən Naxçıvan Muxtar Respublikası ölkə Prezidentinin diqqət və qayğısı ilə yeni inkişaf və quruculuq dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan nailiyyətlər də regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ilə başlayan uğurlu islahatların real bəhrəsidir. Ötən dövrdə ölkə Prezidentinin Sərəncamları ilə icra olunan dövlət proqramları muxtar respublikada investisiya potensialından tam və kompleks şəkildə istifadəyə imkan vermiş, yeni sənaye, kənd təsərrüfatı, xidmət müəssisələri yaradılmış, məşğulluq səviyyəsi yüksəldilmiş, əhalinin təhsil, səhiyyə və digər sosial təminatları yaxşılaşdırılmışdır. Buna görə bu gün Naxçıvan Muxtar Respublikası ölkə başçısının diqqət və qayğısı nəticəsində iqtisadi artım templərinə görə Azərbaycanın ən öndə gedən bölgələrindən biridir.
Konfransın sonunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş videoçarxa baxış olub.