Naxçıvan Müəllimlər İnstitutunda elmi konfranslar silsiləsi çərçivəsində “Ali pedaqoji məktəblərdə ali riyaziyyatın tədrisində digər fənlərlə əlaqə: ənənəvi və yeni yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir institutun “Ali riyaziyyat və informatika” kafedrasının təşkilatçılığı ilə baş tutub.
Konfransı giriş sözü ilə institutun rektoru vəzifəsini icra edən Elşən Məmmədov açıb. O, ali riyaziyyatın pedaqoji tədrisində qarşıya çıxan çağırışlardan, müxtəlif fənlərlə inteqrasiyanın əhəmiyyətindən və bu sahədə müasir yanaşmalara olan ehtiyacdan bəhs edib. Elşən Məmmədov bildirib ki, ali məktəblərdə riyaziyyatın yalnız texniki bilik kimi deyil, həm də düşünmə bacarığı formalaşdıran bir sahə kimi tədrisi əsas hədəf olmalıdır. O, bu konfransın riyaziyyat müəllimlərinin tədris metodologiyasını zənginləşdirmək baxımından faydalı olacağına inandığını vurğulayıb.
Konfransda “Ali riyaziyyat və informatika” kafedrasının müdiri, dosent Sahib Əliyev “Ümumtəhsil məktəblərinin yuxarı siniflərində riyazi analiz elementlərinin tədrisinin aktual məsələləri” mövzusunda çıxış edərək, riyazi analiz anlayışlarının mərhələli şəkildə öyrədilməsi, onların funksional savadlılıqla əlaqəsi və tədris prosesində qarşıya çıxan elmi-pedaqoji problemləri ətraflı şəkildə təhlil edib.
Kafedranın baş müəllimi Aygün Məmmədova “Riyazi analizin tədrisi ilə digər fənlər arasında əlaqələrin qurulması təcrübəsindən” adlı çıxışında ali riyaziyyatın tədrisində interdisiplinar yanaşmaların əhəmiyyətindən danışıb. Məruzədə riyaziyyatın digər təbiət elmləri ilə əlaqəsi, eləcə də bu yanaşmanın tələbələrin fənlərarası düşünmə bacarığına təsiri elmi əsaslarla izah edilib.
Kafedranın müəllimi Şəhla Bağırova isə “Ali pedaqoji məktəblərdə ali riyaziyyatın tədrisində innovativ yanaşmalar” mövzusunda çıxış edərək rəqəmsal texnologiyalardan istifadə, interaktiv təlim metodlarının tətbiqi və müasir pedaqoji trendlərin ali təhsildə rolu barədə elmi mülahizələrini bölüşüb.
Məruzələr elmi əsaslandırmalarla müşayiət olunub, iştirakçılarla müzakirələr aparılıb. Konfrans iştirakçıları bu cür tədbirlərin riyaziyyatın tədrisində elmi-metodiki yanaşmaların inkişafı baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər.
