09 aprel tarixində Naxçıvan Müəllimlər İnstitutunun Ümumi Fənlər Kafedrasının təşkilatçılığı ilə “Ali təhsil müəssisələrində gələcək müəllimlərin fövqəladə hallara hazırlanmasının aktual məsələləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov fövqəladə hallara hazırlığın təhsil sisteminin və maarifləndirmə işinin bir hissəsi olduğunu bildirərək, belə tədbirlərin təhsil müəssisələrində təhlükəsizlik mədəniyyətinin formalaşmasına və gələcək müəllimlərin bu sahədə daha da təkmilləşməsinə böyük töhfə verəcəyini qeyd edib. Elşən Məmmədov, “Fövqəladə hallar yalnız təbii fəlakətlərlə məhdudlaşmır. Bu, həm də insan həyatını, əmlakını, təhsil mühitini qorumaq üçün vacib bir məsuliyyətdir” – deyərək, konfransın əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, elmi və praktiki keçirilən bu cür tədbirlər, gələcək müəllimlərin fövqəladə hallara hazırlığının təmin edilməsi istiqamətində müsbət nəticələr verəcək və gələcəkdə bu istiqamətdəki biliklərin təkmilləşməsinə xidmət edəcək.
Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülkü müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Azadə Cəfərova “Dəm qazından və yanğınlardan necə qorunmalı” mövzusunda təqdimat edib. O, təhlükəsizlik tədbirlərinin yalnız nəzəri deyil, həm də praktik tətbiqlər vasitəsilə gücləndirilməsinin vacibliyini qeyd edərək, hər bir insanın fövqəladə hallara qarşı hazırlıqda şəxsi məsuliyyət daşıdığını vurğulayıb.
Ümumi fənlər kafedrasının dosenti Oktay Rzayev “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda məruzə edərək, belə vəziyyətlərdə səmərəli və sürətli müdaxilənin həyat qurtaracağına diqqət çəkib. O, fövqəladə hallara hazırlığın yalnız tələbələrə deyil, müəllimlərə də tətbiq edilməli olduğunu və bu cür bacarıqların hər bir təhsil müəssisəsində əsas prioritet olmalı olduğunu qeyd edib.
Kafedranın baş müəllimi Xatun Ağayeva, “Müasir təhsil sistemində fövqəladə hallara hazırlıq: beynəlxalq təcrübə və tövsiyələr” mövzusunda təqdimat edərək, beynəlxalq təcrübələrdən faydalanaraq, fövqəladə hallara hazırlıq sahəsində təhsil sistemlərinin inkişaf etdirilməsi və müəllimlərin bu sahədə daha çox təlim və biliklərlə təmin edilməsinin vacibliyini vurğulayıb.
Tədbir, iştirakçılara fövqəladə hallarda düzgün hərəkət etmə bacarıqları aşılamaqla yanaşı, təhsil müəssisələrində bu sahənin tədrisi ilə bağlı yeni yanaşmaların tətbiqinin vacibliyini də ortaya qoyub.

