Bu gün Naxçıvan Müəllimlər İnstitutunda kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirən, institutun magistratura səviyyəsi üzrə birinci kurs tələbəsi, Verdiyev Toğrul Vidadi oğlunun xatirəsinə həsr edilmiş hibrid formatda anım tədbiri təşkil olunub.
Toğrul Verdiyevin ailəsinin də iştirak etdiyi tədbirdə institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov, Magistratura və doktorantura şöbəsinin müdiri Qızıltac Sahbazova, Toğrul Verdiyevin tələbə yoldaşları və bir qrup institut əməkdaşı çıxış edərək, onun tələbə həyatı, istedadı və xarakteri haqqında xatirələrini bölüşüb, Toğrulun ailəsinə başsağlığı verərək Allahdan ona rəhmət, ailəsinə isə səbr diləyiblər. Çıxışlarda qeyd edilib ki, onun həyatını itirməsi, həm tələbə yoldaşları, həm də institut kollektivi tərəfindən böyük üzüntü ilə qarşılanıb, Toğrul həm təhsil, həm də şəxsi həyatında, çevrəsində dərin izlər buraxan, nümunəvi davranışı ilə seçilən bir gənc olub.
Allah tələbəmizə rəhmət eləsin.
Onun xatirəsi hər zaman institutda və onu tanıyan hər kəsin qəlbində yaşayacaqdır!


