Naxçıvan MR 100 illiyi ilə əlaqədar “Şəhid ətirli Naxçıvan” layihəsinin təqdimat tədbiri baş tutub
Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan MR 100 illiyi ilə əlaqədar “Şəhid ətirli Naxçıvan” layihəsinin təqdimat tədbiri baş tutub
Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutan Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş, gənc nəslin vətənpərvər ruhda tərbiyəsi, Naxçıvan şəhidlərinin tanıdılması məqsədilə keçirilən layihə silsilə tədbirlər formasında gənclərin Naxçıvan şəhidlərinin evlərini ziyarət etməsi ilə davam edəcək, sonda may ayında bağlanış tədbirində ailələrin iştirakı ilə yenidən Naxçıvan Müəllimlər İnstitutunda keçiriləcəkdir.
Layihənin bugünkü tədbirində xüsusi qonaqları- unudulmaz qəhrəmanlarımızdan-şəhid məzunumuz Kamran Hüseynov və şəhid Ülvi Hüseynovun ailəsi, institutun professor-müəllim-tələbə heyəti iştirak edib.
Tədbirə başlamazdan əvvəl institutun II kurs magistrantı Dilbər Rüstəmovanın, birinci kurs bakalavr tələbələri Sunay Fərəcova və Sevgi Fərzəliyevanın şəhidlərimizin əziz xatirəsinə həsr etdikləri kitablarının təqdimat tədbiri keçirilib, tədbirin davamında Vətən uğrunda canını fəda etmiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Giriş sözü ilə çıxış edən institutun rektoru Azad Novruzov diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində şücaət, qəhrəmanlıq göstərərək düşmən tapdağı altında olan torpaqlarımızı azad edən şəhidlərimiz, qazilərimiz haqqında maarifləndirici tədbirlərin təşkil olunması olduqca vacibdir. Bu tədbirlər gənclərimizin gələcək həyatlarına müsbət təsir göstərir, onların milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər vətəndaş kimi yetişmələrinə töhfələr verir. Rektor gənc yazar tələbələri nailiyyətləri münasibətilə təbrik edib, yaradıcılıqlarının davamını arzulayıb.
Sonra şəhid Ülvi Hüseynovun valideynləri, Kamran Hüseynovun həyat yoldaşı çıxış edib, tədbirin təşkilinə şərait yaratdığına görə institutun rəhbərliyinə, tədbirdə iştirak edən gənclərə öz təşəkkürlərini bildiriblər.
Sonra tədbirin bədii hissəsində Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən CreArt klubunun fəallarının ifasında müəllifi olduqları şeirlər qiraət edilib, şəhidlərə həsr edilmiş videoçarxlar nümayiş olunub və Şanlı Zəfərə həsr olunmuş kompozisiyaya baxış keçirilib.
Kitabları nəşr olunan tələbələrimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Allah bütün şəhidlərə, o cümlədən bugünkü layihənin iştirakçıları olan Naxçıvan şəhidlərinə- Şəhid Ulvi Hüseynova, institutumuzun hər iki şəhid məzunu Kamran Hüseynov və Ruhid İslamlıya rəhmət eləsin!