Naxçıvan Müəllimlər İnstitutunda ümuminstitut elmi seminarları çərçivəsində növbəti elmi tədbir keçirilib.
Seminarı giriş sözü ilə institutun Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini icra edən Elşən Məmmədov açaraq tədbirin əhəmiyyətindən danışıb. O, çıxışında bildirib:
“Bu gün müzakirə olunacaq mövzu yalnız tarixi faktların sadalanmasından ibarət deyil, eyni zamanda milli yaddaşımızın qorunması, tariximizin doğru təqdim olunması baxımından xüsusi önəm daşıyır. Qərbi Azərbaycanda azərbaycanlılara qarşı XX əsrdə baş vermiş deportasiya siyasəti uzun illər gizlədilmiş, lakin hər zaman xalqımızın yaddaşında yaşamış bir həqiqətdir. Bu cür elmi seminarlar həmin həqiqətlərin araşdırılmasına və gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.”
Daha sonra Humanitar və ictimai fənlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru proqramı üzrə dissertant Aslan İbrahimovun “Qərbi Azərbaycanda XX yüzillikdə azərbaycanlılara qarşı deportasiya və onun nəticələri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə deportasiyaların tarixi, səbəbləri və milli-mədəni təsirləri geniş şəkildə şərh olunub.
Məruzədən sonra iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, elmi və ictimai aspektlərdən məsələyə yanaşıblar. Seminar maraqlı müzakirələrlə yekunlaşıb.

