NMİ-də “Dünya Autizm Maarifləndirmə Ayı”na həsr olunmuş “Autizmi anla” adlı dəyirmi masa keçirilib

Bu gün, Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və Psixologiya kafedrasının “Təfəkkür” psixologiya dərnəyinin təşkilatçılığı ilə “Autizm Maarifləndirmə Ayı” çərçivəsində “Autizmi anla” mövzusunda dəyirmi masa keçirilib. Tədbir, autizm spektri pozuntusu olan şəxslərin daha yaxşı başa düşülməsi və onların ehtiyaclarına uyğun müdaxilələrin əhəmiyyətini vurğulamaq məqsədi daşıyıb.
Tədbirə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov giriş sözü ilə başlayıb. O, bu cür tədbirlərin autizmli uşaqlara və onların ailələrinə dəstək olmaq, cəmiyyəti maarifləndirmək baxımından böyük önəm daşıdığını qeyd edib və hər kəsin bu məsələyə diqqət yetirməsinin vacibliyini vurğulayıb.
Daha sonra, Pedaqogika və Psixologiya kafedrasının müdiri Sevinc Vəliyeva, kafedranın müəllimi və “Təfəkkür” psixologiya dərnəyinin rəhbəri Nuray Sadiqova, eləcə də Uşaq Bərpa Mərkəzinin mütəxəssis psixoloqu Gülsüm Rzayeva çıxış ediblər.
İlk olaraq, Nuray Sadiqova “Autizmin əsas xüsusiyyətləri və erkən müdaxilənin əhəmiyyəti” mövzusunda geniş məlumat verib. O, autizmli uşaqların həyatında erkən müdaxilənin nə qədər mühüm olduğunu vurğulayaraq, onların inkişafını dəstəkləyən xüsusi metodların vacibliyini qeyd edib.
Daha sonra, Gülsüm Rzayeva “Autizmli uşaqlarla davranış metodları” mövzusunda çıxış edərək, bu sahədəki təcrübələrini bölüşüb. O, xüsusilə autizmli uşaqların davranışlarını düzgün anlamağın və onlarla effektiv ünsiyyət qurmağın vacibliyini bildirib.
Tədbir, iştirakçıların mövzuya dair suallar verməsi və dəyirmi masa ətrafında müzakirələr aparması ilə davam edib. Müzakirələrdə, autizmli uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və onlara daha yaxşı dəstək göstərmək üçün müxtəlif metodlar və yanaşmalar müzakirə olunub.
Tədbirin sonunda, autizmin anlaşılmasının və maarifləndirmənin nə qədər əhəmiyyətli olduğu bir daha vurğulanıb və iştirakçılara bu mövzuda daha geniş məlumatlı olmaları üçün müxtəlif resurslar təqdim edilib.
“Autizmi anlamaq, cəmiyyətdəki hər bir fərdin öz potensialını kəşf etməsinə dəstək olmaqdır!” Naxçıvan Müəllimlər İnstitutunun təşkil etdiyi bu cür tədbirlər, cəmiyyətin autizmə dair maarifləndirilməsinə və autizmli uşaqların həyatına müsbət təsir etməyə davam edəcək.
Aygül Məmmədova
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis