Naxçıvan Müəllimlər İnstitutunda “31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür” adlı tədbir keçirilmişdir

Azərbaycan xalqının keşməkeşli tarixində baş vermiş hadisələrin tələbə gənclərə dərindən mənimsədilməsi, onlarda Vətənə məhəbbət, düşmənə nifrət hisslərinin aşılanması, gələcək pedaqoji fəaliyyətlərində vətənpərvər şəxsiyyətlərin fomalaşdırılmasında uğurlu nəticələr əldə etmələri üçün onların nəzəri və əməli biliklərlə silahlandırması məqsədilə bu ali təhsil ocağında məqsədyönlü və sistemli işlər aparılır. Bu istiqamətdə növbəti tədbirin “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunması heç də təsadüfi deyil. Giriş sözü ilə tələbə və professor-müəllim heyətlərinə xitab edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev bildirdi ki, əhəmiyyətini nəzərə alaraq bu gün həm eyniadlı elmi konfrans keçirilməsi, həm də digər əməli tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Çünki Azərbaycan xalqının tarixində unudulmaz qanlı səhifələrdən biri məhz xalqımızın düşmənləri tərəfindən mərhələli şəkildə həyata keçirilən azərbaycanlıların soyqırımı hadisələri olmuşdur. Giriş sözündən sonra tarixçi rektor “Ümummilli lider Heydər Əliyevin Azərbaycanlıların soyqırımına verdiyi tarixi-siyasi qiymət” mövzusunda məruzə ilə çıxış etdi. Natiq bildirdi ki, Azərbaycan tarixində ilk dəfə olaraq iki yuz ildən artıq müddətdə xalqımızın başına gətirilmiş tarixi müsibətlərin dərin fəlsəfəsini, onların mahiyyətini və tarixi köklərini, mərhələ və miqyaslarını, millət və dövlət olaraq qarşımızda duran tarixi vəzifələri təkzibolunmaz faktlar və sübutlarla, çox böyük siyasi səriştə və uzaqgörənliklə bir konseptual dövlət sənədində ümumiləşdirmənin müəllifi məhz xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Bu sənəd dahi şəxsiyyət və görkəmli dövlət xadiminin 26 mart 1998-ci tarixdə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman olmuşdur. Qeyd olundu ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etməsi bu sənəddə təsbit olunur. Fərmanın misilsiz əhəmiyyəti və məzmununu öz məruzəsində tələbə gənclərə inandırıcı şəkildə çatdıran natiq Heydər Əliyev siyasətini onun layiqli davamçısı ölkə prezidenti İlham Əliyevin bu gün uğurla davam etdirməsi, ölkəmizin bütün sahələrdə yüksək zirvələr fəht etməsi, onun mövqelərinin beynəlxalq arenada günü-gündən möhkəmləndirilməsi, hərbi qüdrətinin misilsiz gücləndirilməsi və diplomatik nailiyyətlərinin genişləndirilməsi istiqamətlərində görülmüş və görülən işlərdən ətraflı bəhs etdi. 

 Elmi konfransda Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Arzu Abdullayev “Soyqırımı hadisələri və Naxçıvan”  və Pedaqoji fakültəsinin dekan, dosent Arif Ağalarov “Tarixdə və günümüzdə erməni vəhşilikləri” mövzusunda çıxış etdilər. Maraqla dinlənilən məruzə və çıxışlar tarixi hadisələrdən bəhs edən slaydlarla müşayiət olundu. Tədbir iştirakçılarının sualları ətraflı cavablandırıldı.

Konfransdan sonra institutun müəllim və tələbələrinin mövzuya həsr olunmuş təsviri və tətbiqi sənət əsərlərindən təşkil olunmuş sərgiyə baxış oldu. Qeyd olundu ki, institutun iki tələbəsinin rəsm əsərləri 28 mart 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri arasında keçirilmiş rəsm müsabiqəsində mükafata laqyiq yer tutmuş, gənc rəssamlar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin müvafiq diplomları ilə təltif edilmişlər. Sərgidə nümayiş etdirilən bu əsərlər böyük maraq doğurdu.

Qeyd edək ki, bu gün institutda ilk dərslər 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuşdur. Bundan başqa institutun gənc müəllim və tələbələri azərbaycanlıların soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün internet aksiya keçirmişlər.