Naxçıvan Müəllimlər İnstitutunda xalqımızın qədim tarixə malik milli bayramı olan Novruz bayramı münasibətilə festival keçirilib

Milli mədəniyyətimizi və mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz ənənələrinin gənclər arasında təbliğ olunması, adətlərin yaşadılması, gənclərin sosial mədəni həyatında birlik və mehribanlığı möhkəmləndirmək məqsədilə keçirilən festivalda dogma təhsil ocağı Novruz atributları ilə bəzədilib, gənclərin iştirakı ilə milli-mənəvi dəyərlərlə bağlı fəaliyyətlər, folklor, musiqi nömrələri ifa edilib, Novruz personajları – Bahar qız, Kosa, Keçəl, eləcə də bayramın özü və çərşənbələrinin personalizasiyası bayram şənliyinə rəngarənglik verib. İnstitutun həyətində “Novruz” tonqalı qalanıb, professor-müəllim və tələbə kollektivi yüksək əhval-ruhiyyə ilə tonqalın ətrafında toplaşıb.
Festivalı giriş sözü ilə açan institutun rektoru Azad Novruzov bayram münasibətilə tədbir iştirakçılarını, bütöv Azərbaycan xalqını təbrik edərək Novruz bayramının tarixi, simvolları, həmçinin milli adət-ənənələrimizdən danışıb. Qeyd edib ki, bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Xarici təsirlərdən qoruyaraq yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın eyni zamanda dünya mədəniyyətinə töhfəsidir. Rektor dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə hər kəsi Novruzun aşıladığı milli dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağırıb. Həmçinin İnstitut əməkdaşları da bayram təbriklərini, xoş arzu və diləklərini bildirib.
Sonra xalqımızın qədim milli bayramı olan Novruzun elementlərini və adət-ənənələrini özündə əks etdirən ədəbi-bədii kompozisiyada tələbə gənclər müxtəlif səhnəciklər nümayiş etdirib, şerlər və haxışdalar səsləndirib, gözəl mahnı və rəqslər ifa ediblər. Kosa və Keçəlin məzəli söhbətləri hər kəsdə gözəl bayram əhval-ruhiyyəsi yaradıb.
Sonda tələbələrin əl işlərindən ibarət milli adət-ənənələrimizi, Novruz atributlarını, bahar əhval-ruhiyyəsini əks etdirən sərgilərə baxış keçirilib.
Xalqımızı, bütün professor-müəllim heyətini, tələbə və məzunlarımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, bu əziz bayram günlərində hər kəsə bahar əhval-ruhiyyəsi, cansağlığı, firavan həyat, gözəl bayram ovqatı və sevinc arzulayırıq!
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti