Naxçıvan Müəllimlər İnstitutunda “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş dəyirmi masa keçirilib.
Naxçıvan Müəllimlər İnstitutunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Suverenliyimiz əbədidir” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbir, suverenlik və dövlət müstəqilliyinin qorunması məsələlərinə diqqət çəkərək iştirakçılara geniş məlumatlar təqdim etmək məqsədi daşıyıb.
Tədbirin açılışında Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədov çıxış edərək, ilk olaraq Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı haqqında danışıb, suverenliyin əhəmiyyəti və müstəqillik uğrunda əldə olunan nailiyyətlərdən bəhs edib. O, dövlətin suverenliyinin qorunmasının ölkəmizin gələcək inkişafı üçün vacib olduğunu vurğulayıb.
Tədbirdə Humanitar və ictimai fənlər kafedrasının müəllimi, siyasi elmlər üzrə dissertant Nazlı Yaqubova “Suverenliyimiz əbədidir” mövzusunda ətraflı məruzə ilə çıxış edib. Nazlı Yaqubova çıxışında Azərbaycanın suverenliyinin, dövlət müstəqilliyinin qorunmasında mühüm addımların atıldığını qeyd edərək, bu sahədəki qanunvericilik və dövlət siyasətinə dair mühüm məlumatlar təqdim edib.
Tədbirdə həmçinin Pedaqoji fakültənin dekanı, dosent Samirə Həsənova, Humanitar və ictimai fənlər kafedrasının müdiri Aytəkin Qəhrəmanova, iştirak edən müəllim və tələbələr mövzu ilə bağlı öz fikirlərini bölüşüb, bir çox tarixi fakt və hadisələri müzakirə ediblər. Müzakirə zamanı iştirakçılar Azərbaycanın dövlətçilik tarixini, suverenliyin qorunması üçün atılan addımları və gələcəkdə bu sahədə görüləcək işləri müzakirə edib, üzərlərinə düşən vəzifələri diqqətə çatdırıblar.
Keçirilən dəyirmi masa, suverenlik və dövlət müstəqilliyinin əhəmiyyətini bir daha vurğulayaraq, gənc nəslin bu mövzuda daha dərindən düşünməsinə və informasiya mübadiləsi aparmasına şərait yaradıb.
Aygül Məmmədova
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis