“Azərbaycanlıların soyqırımı: tarixi həqiqətlər və gələcəyə baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunun Humanitar və ictimai fənlər kafedrasının təşkil etdiyi elmi-praktik konfransda “Azərbaycanlıların soyqırımı: tarixi həqiqətlər və gələcəyə baxış” mövzusu müzakirə edilib. Tədbirdə iştirak edənlər, Azərbaycan xalqının qarşılaşdığı soyqrım faciələrinə diqqət çəkərək, bu hadisələrin tarixi əhəmiyyətini və gələcəkdə gənclərin bu barədə məlumatlılığını artırmaq üçün müvafiq tədbirlər görülməsinin vacibliyini vurğulayıblar.
Konfransın açılışında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, 31 Mart soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Giriş sözü ilə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektor vəzifəsini icra edən, Tədris işləri üzrə prorektor Elşən Məmmədov tədbirin əhəmiyyətindən danışıb və belə mövzuların gənclər üçün müasir tarix biliklərini möhkəmləndirmək və Azərbaycan xalqının yaddaşını yaşatmaq baxımından vacib olduğunu, yüz illərlə tədricən parçalanan Azərbaycan torpaqlarının ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il Vətən müharibəsində ərazi bütövlüyünun təmin edildiyini, bu zəfərin Azərbaycan xalqının başına gətirilən soyqırımların intiqamı, böyük bir qələbə və fəxarət mənbəyi olduğunu qeyd edib. Vurğulayıb ki, bu elmi-praktik konfrans, iştirakçılara Azərbaycan xalqının tarixindəki əhəmiyyətli hadisələri təhlil etməyə, onun nəticələrindən bəhrələnməyə və gələcəkdəki nəsillərə bu mövzuda düzgün məlumatlar çatdırmağa kömək edəcəkdir. Elşən Məmmədov diqqətə çatdırıb ki, bu gün cənab Prezidentin yürütdüyü uğurlu xarici siyasətin davamı olaraq biz də öz fəaliyyətimizlə bu məsələləri dünya arenasına çıxarmalı, ölkəmizi tolerant ölkə kimi dünya ölkələri arasında nümunəvi tanıtmalı və tariximizi unutmamalı, unutdurmamalıyıq.
Sonra Humanitar və ictimai fənlər kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova “31 Mart Azərbaycanlıların Soyqrımı: tarixi həqiqətlərə günümüzdən baxışlar” adlı məruzəsində 31 mart soyqrımının tarixi gerçəkliklərini, bu faciənin səbəblərini və onun təsirlərini müasir dövrün baxış bucağından təhlil edib. O, 31 mart soyqırımının unudulmaması dünya ictimaiyyətinə çatdırılması üçün gənclərin üzərinə böyük məsuliyyətlər düşdüyünü deyib. Bildirib ki, onlar bu həqiqətlərlə bağlı arxiv materiallarını araşdıraraq əldə etdikləri informasiyalarla və öz sarsılmaz əməlləri ilə beynəlxalq aləmdə Azərbaycanın səsini ucaldaraq tarixi ədalətin bərqərar olunmasına töhfə verməsi yolunda qətiyyətli addımlar atmalıdırlar.
Naxçıvan şəhər Qızlar liseyinin tarix müəllimi Gülşən Gülməmmədova “Soyqrımın səssiz harayı; təkrarlanan hadisələr, tarixi ədalətin təntənəsi” mövzusundakı məruzəsində soyqrımın nəticələri və bu hadisənin xalqın yaddaşında necə təkrarlanması barədə ətraflı danışıb, tarixi ədalətin bərpası istiqamətində görülən işlərə diqqət çəkib. O tədbir iştirakçılarınin diqqətinə çatdırıb ki, bu gün müstəqil, güclü və qalib Azərbaycan susdurulmuş səslərin tarixi ədalətin təntənəsinin haqq sədasıdır. 31 Mart Soyqırımının harayı bizə bir çağırışdır. Tariximizi unutmayaq, haqsızlığa qarşı mübarizəmizi dayandırmayaq, milli birliyimizi və gücümüzü qoruyub saxlayaq!
Daha sonra Naxçıvan Müəllimlər İnstitutunun III kurs Tarix müəllimliyi ixtisasının tələbəsi Türkay Qəhrəmanzadə “31 Mart soyqrımının dərsləri və müasir gənclik” mövzusunda məruzə edib, 31 Mart soyqrımının müasir gəncliyə verdiyi dərsləri və gənclərin bu barədə məlumatlılığını artırmaq üçün fikirlərini təqdim edib.
Tədbirin sonunda Qızlar liseyinin şagirdlərin ifasında bədii qiraət yer alıb. Bu qiraət, iştirakçıların diqqətini tarixi hadisələrin mənəvi və mədəni əhəmiyyətinə yönəldib.
Aygül Məmmədova
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis
+5