Akademik Azad Mirzəcanzadə adına İnkişaf Proqramı”nın təqdimat mərasimi keçirilib

13 mart tarixində Naxçıvan Müəllimlər İnstitutunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış “Regional İnkişaf” İctimai Birliyi tərəfindən “Akademik Azad Mirzəcanzadə adına İnkişaf Proqramı”nın təqdimat mərasimi təşkil edilib.
Proqramın əsas məqsədi, paytaxt və regionları əhatə edərək, yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həll yollarını tapmağı, dayanıqlı gələcəyə töhfə verməyə çalışan çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafını dəstəkləmək üçün yeni imkanlar yaratmaqdır.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Vətənin suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərin əziz xatirəsi yad edilib.
Tədbir Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Elşən Məmmədovun açılış nitqi ilə başlayıb. O, qonaqları salamlayıb, proqramın önəmindən və gənclərə verilən dəstəyin əhəmiyyətindən danışıb.
Sonra Akademik Azad Mirzəcanzadə adına İnkişaf Proqramının layihə koordinatoru Leyla Seyidzadə, proqramın məqsəd və istiqamətləri haqqında geniş məlumat verib, proqram nəzdindəki fəaliyyətlərin gəncləri yeni ideyalarla tanış etməklə yanaşı, onların regional inkişaf və innovasiyaların həyata keçirilməsində aktiv rol oynamalarını təmin edəcəyini vurğulayıb. O, “Akademik Azad Mirzəcanzadə adına İnkişaf Proqramı”nın gənclərin inkişafına ciddi təsir edəcəyinə və ölkənin müxtəlif regionlarında sosial-iqtisadi inkişafın təşviqinə müsbət təsir göstərəcəyinə ümid bəslədiyini deyib. Proqramın yaxın gələcəkdə gənclərin yaradıcılıq potensialını açmaq və onları regional inkişaf sahəsində fəal iştirakçı etməyi hədəfləyən mühüm bir təşəbbüs olduğu qeyd olunub.
Təqdimat mərasimi müzakirə sessiyası ilə davam edib. Bu sessiya iştirakçılara maraq doğuran sualları ünvanlamaq imkanı yaradıb və proqramla bağlı daha ətraflı məlumat almağa şərait yaradılıb.
Aygül Məmmədova
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis
Tüm ifadeler:

Şəbnəm Əliyeva, Gulnar Huseynova ve 35 diğer kişi