Naxçıvan Müəllimlər İnstitutunun tələbələri rəsm müsabiqəsinin qalibi olmuşlar

Slayt1

Ölkəmizin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da istedalı gənclərlə işə xüsusi diqqət yetirilir.  Orta ümumtəhsil məktəbləri üçün müxtəlif ixtisaslı müəllim, o cümlədən təsviri incəsənət müəllimliyi ixtisası üzrə kadrlar hazırlayan Naxçıvan Müəllimlər İnstitutunda tələbələrin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi üçün hər cür şəraitin yaradılması, istedadlı gənclərlə işin sistemli və planauyğun aparılması, yüksək ixtisaslı müəllimlərin rəhbərliyi altında müxtəlif elmi və yaradıcılıq dərnəklərinin müntəzəm fəaliyyət göstərməsi, ümumiyyətlə tələbə gənclərin asudə vaxtlarının səmərəli və məqsədyönlü təşkil edilməsi institut rəhbərliyinin daimi diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Sabahın müəllimlərinin institut, muxtar respublika və ölkə miqyasında təşkil edilən müxtəlif məzmunlu və istiqamətli tədbirlərdə fəal iştirakı və qazandıqları uğurlara görə rəğbətləndirilməsi və nəticələrin mütəmadi işiqlandırılması gənc istedadlarla işin vacib istiqamətlərindən sayılır.

Bu günlərdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun  birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 95 illiyinə olunmuş həsr olunmuş Uşaq və gənclərin rəsm müsabiqəsində Naxçıvan Müəllimlər İnstitutunun yaradıcı tələbələrinin fəal iştirakı və yüksək yerlərə layiq görülməsini məhz bu fəaliyyətin nəticəsi kimi dəyərləndirmək olar. Gənclər və  uşaqlar nominasiyasında xeyli miqdarda rəsm əsərinin təqdim olunduğu müsabiqədə bu ali məktəbin tələbələri çox uğurlu nəticə göstərmişlər. Belə ki, müsabiqənin gənclər nominasiyasıında I və II yerlərə Naxçıvan Müəllimlər İnstitutunun tələbələri layiq görülmüşlər.

Müsabiqənin qalibi Çinar Hacıyevin təqdim etdiyi əsər müəllifin xüsusi qabiliyyəti və  geniş yaradıcılıq imkanlarından xəbər verir. Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə I kursda təhsil alan bu gənc istedadın gələcəyinə institutda böyük ümidlər bəslənilir. Ona yaradıcılıq imkanlarını reallaşdırmaq üçün əlverişli şərait yaradılır.

Təsviri incəsənət müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Tərlan Musayevanın (Vəfa Musazadə) qədim və yenlişən Naxçıvanın tarixi anlarını vəhdətdə əks etdirən əsəri orijinal bədii ideyası ilə münsiflərin dərin marağına səbəb olmuş və  II yerə layiq görülmüşdür. İnstitutun professor-müəllim və tələbələri yaradıcı gənclərimizin bu uğurlarını sevinclə qarşılamışlar.