Naxçıvan Müəllimlər İnstitutunda “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilib
7 mart tarixində Naxçıvan Müəllimlər İnstitutunda qadınların cəmiyyətdəki əhəmiyyətini və onların dünyaya qatdığı gözəlliyi qeyd etmək məqsədi ilə “Beynəlxalq Qadınlar Günü”nə həsr edilmiş “Qadınlar Dünyanı Gözəlləşdirir” mövzusunda tədbir təşkil edilib.
Tədbir, institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədovun açılış sözü ilə başlayıb. O, bütün qadınları təbrik edərək, bu gün qadınlara ictimai həyatın bütün sferalarında bərabər imkanlar yaradıldığından, cəmiyyətdə və ailədə qadınların rolundan danışıb, onların bütün sahələrdə kişilərlə yanaşı geniş təmsil olunmalarını ölkəmizdə dövlət səviyyəsində qadınlara göstərilən ehtiramın bariz nümunəsi olduğunu qeyd edib.
Tədbirdə Pedaqoji fakültənin dekanı Samirə Həsənova və Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis Aygül Məmmədova çıxış edərək, qadınların hər sahədə göstərdikləri fədakarlıq və nailiyyətləri təqdir edib, onların həyatımıza gətirdiyi gözəlliyi bir daha vurğulayıblar.
Tədbirin bədii hissəsində tələbələr tərəfindən nümayiş etdirilən incəsənətin müxtəlif növləri-şeir və musiqi ifaları, rəqs qrupları tədbirin daha da coşğulu keçməsini təmin edib.
Sonda tələbələr “O olmasın bu olsun” tamaşasından bir hissə təqdim edərək, tədbirə gülüş və əyləncə qatıblar. Tədbir iştirakçıları qadınların dünyadakı əvəzsiz yerini bir daha qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Doğma təhsil ocağında keçirilən bu tədbir, qadınların cəmiyyətdəki dəyərini təbliğ etməklə yanaşı, həm də universitetin tələbələri və müəllimləri arasında birlik və əməkdaşlığı gücləndirən unudulmaz bir an olub.
Aygül Məmmədova
Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis