Naxçıvan Müəllimlər İnstitutunda “8 Mart Beynəlxalq Qadınlar Günü’nə həsr olunmuş tədbir keçirilib

Tədbiri giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq, əvvəlcə ölkəmizin qadınlarını, o cümlədən şəhidlərimizin ana və bacılarını, qızlarını, institutun əməkdaşlarını “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edib. Tarixdə bu gününün qadınlar günü kimi rəsmiləşdirilməsi haqqında məlumat verib. Qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan qadınına həmişə yüksək dəyər verib. Bu gündə həmin siyasət davam etdirilir. Milli əxlaqi dəyərlərimizin, dilimizin, adət-ənənələrimizin məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxdığını vurğulayan rektor müasir dövrdə həyatımızın hər bir sahəsində Azərbaycan qadınının ictimai-siyasi həyatdakı rolundan danışıb. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Azad Novruzov sonda nəzərə çatdırıb ki, bütün qadın əməkdaşlarımız bir Azərbaycan qadını kimi gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə bundan sonra da xüsusi diqqət yetirməli, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə qüvvəsini, bilik və bacarığını əsirgəməməlidir.
Tədbirin rəsmi hissəsində Tədris və tərbiyə işləri üzrə prorektor Çapay Quliyev və Elmi katib Qurban Qurbanlı çıxış edib. Çıxışçılar diqqətə çatdırıb ki, Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr vermiş və verməkdədir. Dövlət quruculuğunda qadınlarımızın yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmiş, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman-zaman təsdiq etmişdir.
Sonra tələbələrin əl işlərindən ibarət sərgiyə, Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və institut əməkdaşlarının iştirakı ilə hazırlanan təbrik videoçarxına baxış keçirilib.
Tədbir tələbələrin hazırladığı şeirlərin qiraəti və mahnıların ifası ilə yekunlaşmışdır.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti