Elmi fəaliyyətin təşkili vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Müəllimlər İnstitutunda Elmi fəaliyyətin təşkili vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib
2025-ci il martın 6-da Naxçıvan Müəllimlər İnstitutunda institutda elmi fəaliyyətin mövcud vəziyyətini qiymətləndirmək, təhlillər aparmaq və gələcəkdəki inkişaf istiqamətlərini müəyyənləşdirmək məqsədilə “Elmi fəaliyyətin təşkili vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda I seminar-müşavirə keçirilib.
Seminarın açılışında institutun rektoru vəzifələrini icra edən Tədris işləri üzrə prorektor Elşən Məmmədov iştirakçılara müraciət edərək, elmi fəaliyyətin təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb. O, müasir elmi inkişaf və innovasiyalarla bağlı Naxçıvan Müəllimlər İnstitutunun öz strateji yol xəritəsini müəyyən etməsinin vacibliyini qeyd edib.
Seminarın növbəti hissəsində institutun Elm və innovasiya məsələləri üzrə prorektoru Qurban Qurbanlı “Elmi fəaliyyətin təşkilinin əsas istiqamətləri: vəziyyət, təhlillər və hədəflər” mövzusunda geniş çıxış edib. O, elmi fəaliyyətin inkişafında mövcud vəziyyəti təhlil edərək, gələcəkdə qarşıya qoyulacaq hədəfləri və bu sahədəki perspektivləri ətraflı izah edib.
Daha sonra institutun Elmi fəaliyyətin təşkili və təhlili üzrə baş metodisti Gülnar Hüseynova “Akademik heyətin elmi fəaliyyətinin təşkili və təhlili: müasir tələblər, imkanlar və həll yolları” mövzusunda çıxış edib. O, akademik heyətin elmi fəaliyyətini daha da təkmilləşdirmək üçün mövcud imkanlar və potensial həll yolları barədə danışıb.
Son olaraq, kafedra müdirlərinin çıxışları dinlənilib. Onlar “Kafedralarda elmi fəaliyyətin təşkili vəziyyətinə dair məlumatlar və qarşıda duran vəzifələr” mövzusunda müzakirələr aparıb, institut daxilində hər bir kafedranın elmi fəaliyyətini daha da inkişaf etdirmək üçün təkliflər irəli sürüblər.
Seminarın yekununda qarşıda duran vəzifələr müəyyən edilib, elmi fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı konkret addımların atılacağına dair qərarlar qəbul olunub. Bu cür müzakirə və seminarların institutun elmi fəaliyyətini gücləndirməkdə mühüm rol oynayacağı qeyd edilib.