Naxçıvan Müəllimlər İnstitutunda 8 mart Beynəlxalq Qadınlar Günü  qeyd edilib

12706_5c81fd37a2218

Xalqımız hər zaman qadına böyük hörmət və ehtiramla yanaşmış, onun həm
həyatda, həm də cəmiyyətdəki oynadığı rolu yüksək qiymətləndirmişdir. Müqəddəs
bildiyimiz Vətən, dil anlayışları ana kəlməsi ilə eyni tutulmuşdur. Şairlərin,
yazıçıların şah əsərlərinin qəhrəmanı olan qadınların şücaətindən, mərdliyindən çox
yazılıb.8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Naxçıvan Müəllimlər
İnstitutunda tədbir keçirilib. Təşkil olunmuş tədbiri giriş sözü ilə açan Naxçıvan
Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan qadınları
dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Cəmiyyətimizin bütün
sahələrində qadınlar önə çəkilib, yüksək dövlət mükafatlarına layiq görülüblər.
Natiq bildirib ki, son illərdə bölgəmizin şanlı tarixini yazanlar arasında fəxr
etdiyimiz, qürur duyduğumuz qadınlar çoxdur. Qadın hər bir ailənin yanan
çırağıdır. Gözəlliyi, isməti, şərəfi ilə qadın hər evin bəzəyidir. Qadınlar ailələrini
qorumaq, onları yaşatmaq üçün ömürlərini fəda edir, mətinlik mücəssəməsi kimi
daima ən uca, ən ülvi varlıq qədər yüksəkdə dayanırlar.
Azərbaycan qadınının bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə
milli-mənəvi dəyərlərin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər
göstərdiyini vurğulayan Elbrus İsayev tədbirdə iştirak edən xanımları bayram
münasibəti ilə təbrik edərək çıxışını yekunlaşdırıb.
Tədbirdə tələbələrin biri-birindən maraqlı şeirlər, mahnılar ifa etmələri,
səhnəciklər göstərmələri tədbir iştirakçıları tərəfindən böyük maraq, sevinc və
alqışlarla qarşılanıb. Tələbələrin hazırladıqları gözəl şeir və ifaları tədbirdə iştirak
edən qonaqlara və müəllimlərə duyğulu anlar yaşadıb.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı, şəhid anası Məsmə
Sultanovaya kollektiv adından xatirə hədiyyəsi təqdim edilmişdir.
Sonda institutun bütün qadın kollektivinə hədiyyələr təqdim edilmiş, ictimai
həyatda fəallıq göstərən xanım tələbələr Tələbə Gənclər Təşkilatı tərəfindən
qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.