“Naxçıvanda təhsilin muxtariyyət dövrü: problemlər, həllər, perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib.

431185650_931116342003151_4388249349836210274_n
05 mart 2024-cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Naxçıvanda təhsilin muxtariyyət dövrü: problemlər, həllər, perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd Naxçıvan diyarında təhsilin tarixi inkişaf yollarını, bu gününü və perspektivlərini elmi cəhətdən araşdırmaq və hərtərəfli təhlil etmək, ölkəmizin elm və təhsil təşkilatçıları və akademik heyyət təmsilçilərini hibrid (əyani və videobağlantı) formatda bir araya gətirmək, onların elmi fikir və tezislərini təhsil tədqiqatçıları ilə bölüşməsinə və müzakirəsinə şərait yaratmaqdan ibarətdir. Konfransda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, AMEA-nın Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Naxçıvan Müəllimlər İnstitutnun, ümumtəhsil və məktəbəqədər təhsil müəssələrinin əməkdaşları iştirak etmişdir.
Elmi konfransın plenar iclasında Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı muxtar respublika tarixində əlamətdar hadisə olmaqla yanaşı, Naxçıvanın ölkənin tarixində, eləcədə ictimai-siyasi, elmi-mədəni həyatında rolunun böyük olduğunu vurğulayıb. Rektor, Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu siyasəti, müstəqilliyin ilk illərində Naxçıvanın erməni təcavüzündən qorunmasında və blokadadan çıxarılmasında Heydər Əliyevin tarixi xidmətləri, onun Naxçıvanda elmin inkişafı strategiyası üçün verdiyi töhfələrdən birinin də NMİ-nin yaradılması olduğunu bildirib. Rektor eyni zamanda Prezident İlham Əliyevin dövlət siyasətində Naxçıvanın iqtisadi, elmi-mədəni, infrastruktur və hərbi potensialının gücləndirilməsi və inkişaf etdirilməsi strategiyasına uyğun respublikanın hər yerində olduğu kimi Naxçıvan Müəllimlər İnstitutunda da geniş Tədbirlər planının hazırlanması və icrası barədə məlumat verib, 44 günlük tarixi Zəfərin qazanılmasında Naxçıvanın qəhrəman övladlarının böyük şücaət və qəhrəmanlığını diqqətə çatdırıb.
Ölkəmizdə gerçəkləşdirilən elm və təhsil islahatlarının mərkəzində elmi əsaslandırmaların dayandığını söyləyən Azad Novruzov konfransda aparılacaq müzakirələrin, məqalə və tezislərin çox əhəmiyyətli olacağına ümid etdiyini bildirib və konfransın işinə uğurlar arzulayıb.
AMEA-nın Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev çıxış edərək Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə imzaladığı sərəncamın muxtar respublika üçün xüsusi tarixi əhəmiyyət kəsb etdiyini deyib. Naxçıvana muxtariyyət statusunun verilmə səbəblərindən, tarixi önəmindən danışıb, Naxçıvandan alınaraq ermənilərə verilmiş ərazilərdən, ermənilərin muxtariyyət statusunun ləğvi ilə bağlı atdıqları addımları iştirakçıların diqqətinə çatdırıb.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri səlahiyyətlərini müvəqqəti icra edən, təhsil nazirinin müavini Elxan Nəcəfov bildirib ki, biz həm bir ziyalı, həm də bir vətəndaş kimi qürurluyuq. Bu gün suverenliyimizin bərpa olunduğu bir ildə qədim diyar Naxçıvanın 100 illiyini qeyd edirik. Naxçıvanda yaşayanlar muxtariyyət dövründə özünün tarixi keçmişini, milli mənəvi dəyərlərini, unutmamamaq və unutdurmamaq missiyasının əsas götürmüşlər. Elxan Nəcəfov qeyd edib ki, Azərbaycanda aparılan uğurlu islahatların nəticəsi və dövlət qayğısı sürətlə inkişaf edən təhsilə yeni töhfələr verir. Ali təhsil müəssisələrində yaradılmış şərait, qurulmuş infrasturuktur və yeniliklər əsasında bizim gələcəyimiz üçün inkişafda olan kadr potensialı, dövrün tələblərinə operativ cavab vermək imkanı verir. Nazir həmçinin ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ndan danışaraq təhsilin idarə edilməsi istiqamətində ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil ocaqlarının müəllimlərinin bu konfransda maraqlı və bir o qədər dəyərli materiallarla çıxış etməsini yüksək qiymətləndirib, konfransın işinə uğurlar arzulayıb.
Naxçıvan Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru Elsevər Əsədov çıxış edərək, ulu öndər Heydər Əliyevin Naxçıvanda təhsilə o cümlədən ali təhsilə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi NDU, NMİ və digər təhsil ocaqlarının inkişafına verdiyi töhfələrdən danışıb. Plenar müzakirələrində AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusuna müxtəlif baxışlar”, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev “Naxçıvanda pedaqoji kadr hazırlığı son 100 ildə: faktlar və rəqəmlər”, Naxçıvan şəhər Təhsil şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən, Naxçıvan MR. Təhsil Nazirliyinin sektor müdiri Gülxanım Orucova “Muxtariyyət dövründə Naxçıvanda ümumi təhsil: faktlar, təhlillər, nəticələr” mövzularında məruzələrlə çıxış etmişdirlər. Elmi katib Qurban Qurbanlı konfransın konfransların əhəmiyyətindən, təşkilat komitəsinin gördüyü işlər və bölmə iclasları haqqında məlumat verib.
Sonra konfrans öz işini dörd bölmədə davam etdirib. Ümumilikdə elm və təhsil sahələri üzrə dövlət və ictimai təşkilatların əməkdaşları, ali və orta ixtisas təhsili, ümumi və məktəbəqədər təhsil müəssisələrinin müəllimləri pedaqoqlar, psixoloqlar, metodistlər, doktorant və magistrantlar olmaqla 60-dan çox məruzə dinlənilib. Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib, konfrans materiallarının toplu şəklində nəşr ediləcəyi diqqətə çatdırılıb.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti