Naxçıvan Müəllimlər İnstitutunda elmi-nəzəri seminar keçirilib

Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə elmi-nəzəri seminar keçirilib. Seminarın məqsədi, təhsil sahəsindəki ən son elmi tədqiqatları və metodoloji yenilikləri müəllim və tələbələrə çatdırmaq olub.
Seminarda ilk olaraq, Psixologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Vaqif qızı Orucova “Məktəbəqədər yaş dövründə uşaqların məktəb təliminə psixoloji hazırlığı” mövzusunda öz elmi-nəzəri seminarını təqdim edib. Sevinc Orucova, məktəbəqədər yaş dövründə uşaqların məktəb həyatına psixoloji hazırlığının əhəmiyyətini və bu hazırlığın uşaqların sosial, emosional və kognitiv inkişafı ilə necə əlaqəli olduğunu izah edib. O, həmçinin, məktəbəqədər dövrdə uşaqların məktəb təliminə hazırlıq prosesində müvafiq psixoloji dəstəyin rolu haqqında məlumat verib.
Daha sonra kafedranın baş müəllimi Zeynab Hacı qızı Mehdiyeva “İbtidai siniflərdə təlim fəaliyyəti zamanı didaktik oyunların təşkili” mövzusunda məruzə ilə çıxış edib. O, ibtidai təhsil səviyyəsində təlimin effektliliyini artırmaq üçün didaktik oyunların əhəmiyyətini vurğulayıb və müxtəlif oyun metodlarının təlim prosesinə necə inteqrasiya edilə biləcəyini izah edib. Zeynab Mehdiyeva həmçinin, bu cür yanaşmaların uşaqların həm əqli, həm də psixoloji inkişafını dəstəkləyən vacib təhsil alətləri olduğunu qeyd edib.
Seminarda iştirak edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən Tədris işləri üzrə prorektor Elşən Məmmədov seminarın əhəmiyyətini, müasir təhsil sistemində elmi-nəzəri seminarların keçirilməsinin vacibliyini vurğulayıb, təhsilin keyfiyyətinin artırılmasında belə tədbirlərin rolunun böyük olduğunu bildirib. Elşən Məmmədov xüsusilə ibtidai təhsil və məktəbəqədər hazırlıq mövzularının çox önəmli olduğunu, çünki bu dövrlərdə əldə edilən bilik və bacarıqların uşaqların gələcək təhsil həyatına təsir etdiyini qeyd edib. O, seminarın iştirakçılarına təşəkkür edərək, gələcəkdə belə elmi tədbirlərin daha da artırılacağına ümid etdiyini ifadə edib.
İştirakçılar çıxışlardan sonra maraqlı suallar verib, müzakirəni daha dərinləşdiriblər.
Seminarın sonunda kafedranın müdiri Sevinc Vəliyeva iştirakçılara təşəkkürlərini bildirib və gələcəkdə bu cür seminarların davam etdiriləcəyini qeyd edib.
Tədbir, iştirakçılara elmi biliklərini artırmaq və təhsil sahəsindəki yeni yanaşmaları müzakirə etmək imkanı yaratmışdır.