Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Xocalı, biz qayıtdıq” mövzusunda tədbir keçirilib.
İlk öncə tədbir iştirakçıları tərəfindən faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə İnstitutun Ümumi işlər üzrə prorektoru İlqar Hacıyev, sonra Humanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacıyev, Tələbə Gənclər Təşkilatının sədri Aygül Məmmədova və sədr müavini Bəhriyyə Hüseynli çıxış edib. Çıxışlarda bildirilib ki, Xocalı faciəsi əsrlər boyunca ermənilərin xalqımıza və bütün türk dünyasına qarşı törətdikləri soyqırımlarının daha bir qanlı təzahürüdür. Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”. Vurğulanıb ki, tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğal nəticəsində xarabalığa çevrilmişdi. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Diqqətə çatdırılıb ki, Ali Baş Komandan İlham Əliyevin, Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində apardıqları təbliğatı döyüş meydanında, düşməni təslimçiliyə məcbur etməklə davam etdirən, «qana-qan» deyən Azərbaycan əsgərlərinin işğaldan azad edilmiş ərazilərdə dalğalandırdıqları üçrəngli bayraqlarımız soyqırım qurbanlarına xalqımızın vəfa borcudur. Cənab prezidentin bildirdiyi kimi, Azərbaycan Ordusunun qalib olaraq ayaq basdığı torpaqlarımız Xocalı qurbanlarının ruhlarına dinclik gətirir.
Tədbirin gedişində Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən şeir klubunun sədri Bahar Mehrəliyevanın rəhbəri olduğu “Xocalı gənclərin qələmi ilə” layihəsi çərçivəsində NMİ-nin gənc yazar tələbələri Xocalı soyqırımına həsr etdikləri şeirlərini qiraət edib.
Sonda tələbələrin hazırladığı videoçarxa baxış keçirilib.