Naxçıvan Müəllimlər İnstitutunda “Xocalı soyqırımı bəşəriyyətə qarşı tarixi cinayətdir” mövzusunda elmi-praktik konfrans keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı bəşəriyyətə qarşı tarixi cinayətdir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Konfransı giriş sözü ilə açan institutun rektoru Elbrus İsayev qeyd edib ki, 27 il əvvəl xalqımıza qarşı xüsusi amansızlıqla törədilən bu qətliam XX əsrin ən dəhşətli faciələrindən biridir. Bu hadisə mənfur erməni daşnaqlarının xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasətinin növbəti mərhələsi kimi tariximizə yazılıb. Ermənilərin Xocalını hədəfə almaqda məqsədi ata-baba torpaqlarımızda bizə məxsus olan tarix və mədəniyyət abidələrimizi məhv etmək, Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idi. Natiq vurğulayıb ki, Xocalı soyqırımının ilk siyasi qiyməti xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verilib. Bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Xocalı faciəsi qurbanlarının xatirəsi dünya ictimaiyyətinə çatdırılır. Azərbaycan dövlətinin günü-gündən qüdrətlənməsi, milli ordumuzun müasir texnika ilə təchiz edilməsi bizə ümid verir ki, işğal altında olan torpaqlarımız tezliklə azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Naxçıvan Müəllimlər İnstitutunun dosenti Elçin Zamanov “Xocalı soyqırımı fakt və rəqəmlərlə”, institutun tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Günel Məmmədova “Xocalı qurbanları: tarixin yaddaşında yaşayanlar” adlı məruzələrlə çıxış etmişlər. Bildirilmişdir ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi şovinistlərin davamlı olaraq etnik təmizləmə, soyqrımı siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından qovularaq qaçqına, məcburi köçkünə çevrilmişdir.

Sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunmuşdur. Videoçarxda Xocalı həqiqətlərindən bəhs edən tarixi faktlar və bu cinayətin beynəxalq müstəvidə tanıdılması istiqamətində görülmüş və görülən işlər müxtəlif dillərdə öz əksini tapmışdır.
İnstitutun əməkdaşlarının ifasında Xocalı hadisələrinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilmişdir. Sonda institutun müəllim və tələbələrinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

NMİ-nin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti