Naxçıvan Müəllimlər İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil edilmişdir

Görkəmli Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi məqsədilə bu günlərdə ölkənin hər yerində müxtəlif tədbirlər keçirilir. Naxçıvan Müəllimlər İnstitutunda böyük demokrat ədib və mütəfəkkirin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir.

Dəyirmi masa şəklində keçirilən tədbiri institutun rektoru Elbrus İsayev açaraq qeyd etdi ki, qədim Azərbaycan diyarı Naxçıvanın dünyaya bəxş etdiyi çoxsaylı görkəmli şəxsiyyətlərində biri olan Cəlil Məmmədquluzadənin yubileylərinin mütəmadi olaraq dövlət səviyyəsində qeyd edilməsi, irsinin öyrənilməsi, tədqiqi, təbliği və geniş auditoriyaya çatdırılması, xatirəsinin əbədiləşdirilməsi, əsərlərinin yeni nəşrlərinin reallaşdırılması, onların motivləri əsasında ən müxtəlif sənət əsərlərinin yaradılması, ölkəmizdə gənc nəslin təlim və tərbiyəsində bü ölməz irsə dönə-dönə müraciət edilməsi, əsərlərindən nümunələrin dünyanın bir çox dillərinə tərcümə edilməsi, yaxın və uzaq ölkələrdə nəşr edilməsi və digər istiqamətlərdə görülmüş və görülməkdə olan işlər barəsində ətraflı məlumat verdi. Rektor qeyd etdi ki, müəllim hazırlığı ilə məşğul olan institumuzda bu Böyük Müəllimin irsini müxtəlif aspektlərdə tədqiq edən, tədris prosesində bu irsdən məharətlə istifadə edən alim-pedaqoqların və onların tələbələrinin iştirakı ilə keçirilən bugünkü tədbirin başlıca məqsədi Azərbaycançılıq məfkurəsinin tarixini ölməz Mirzə Cəlilin timsalında birgə vərəqləməkdən ibarətdir. Dəyirmi masa ətrafında müzakirələr müəllim-tələbə ünsiyyətinin yeni forması kimi də təqdirə layiqdir.


Canlı, dinamik,maraqlı, pedaqoji cəhətdən tarazlı, fikir müxtəlifliyi və qarşılıqlı hörmət əsasında keçən müzakirələrdə institutuun Dillər və ədəbiyyat kafedrasının əməkdaşları ilə yanaşı digər ixtisas sahiblərinin də fəal iştirakı tədbiri yaddaqalan etdi. Tələbələrin müxtəlif sualları cavablandırıldı, mülahizələri dinlənildi. 


İnstitutun kitabxanasından Cəlil Məmmədquluzadənin əsərlərinin müxtəlif nəşrləri, haqqında yazılmış tədqiqat əsərləri və xatirələri oxucuya catdıran kitablardan ibarət sərgiyə baxış dəyirmi masa iştirakçılarının marağına səbəb oldu.
Tədbirin sonunda bu böyük müəllimin keşməkeşli həyatından bəhs edən “Qəm pəncərəsi” filminə kollektiv baxış oldu.