“Ana dili milli varlığımızın əsas göstəricisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir
21 fevral 2018-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “Ana dili milli varlığımızın əsas göstəricisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə institutun rektoru, AMEA-nın müxbir üzvü, prof.O.Həsənli açaraq qeyd etmişdir ki, bu gün böyük sürətlə inkişaf etdirən Müstəqil Respublikamızda digər sahələrlə yanaşı Ana dilinin saflığına, onun qorunmasına və inkişafına da dövlət tərəfindən böyük qayğı və diqqət göstərilir.
Hər bir xalqın özünəməxsus olan dili onun ən dəyərli milli sərvətidir. Elə bunun nəticəsidir ki, hələ ötən əsrin əvvəlində 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 27 iyul 1918-ci il tarixdə Fətəli xan Xoyskinin imzası ilə verilən qərarda da “Türk dili” dövlət dili elan edilmişdir.
Sonralar sovet dönəmində də dil haqqında dəfələrlə fərmanlar və sərancamlar imzalanmışdır. Lakin Müstəqilliyimizin ilk illərində, 1995-ci il noyabr ayının 12-də qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində qeyd olundu ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.
Ötən dövr ərzində Azərbaycan Respublikasının prezidenti, ümummilli liderimiz Heydər Əliyev tərəfindən dilimizə göstərilən qayğının daha da artırılması üçün bir sıra fərman və sərəncamlar imzalanmışdır.
18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 506 №li prezident fərmanı, 01 iyul 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının təsdiq edilməsi haqqında 766 №li sərəncam və ondan sonrakı dövrlərdə verilən fərman və sərəncamlar bir daha sübüt edir ki, Azərbaycan dilinin saflığı, qorunması və inkişaf etdirilməsinə dövlət qayğısı bu gün də davam edir.
Konfransda Tədris işləri üzrə prorektor, prof.Akif İmanlı “Ana dili gününün təsis edilməsinin əsas səbəbləri”, Tərbiyə işləri üzrə prorektor, prof. Sədaqət Həsənova “Ana dilinin aktual problemləri” mövzularında çıxışlar etmişlər.
İnstitutun rektoru, AMEA-nın müxbir üzvü, prof. Oruc Həsənli konfransa yekun vurmuşdur.
Naxçıvan Müəllimlər İnstitutunun
Mətbuat xidməti