“2 fevral Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir
Tədbirdə institutun rektoru Azad Novruzov çıxış edərək bildirmişdir ki, Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlət-gənclər siyasəti bu gün uğurla davam etdirilir. Gənclər daim diqqətdə saxlanılır, onların formalaşması və inkişafı üçün dövlət proqramları qəbul edilir, strateji yol xəritələri müəyyənləşdirilir. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ali təhsil müəssisələrinə əlavə təqaüdlərin verilməsi də tələbə-gənclərə güstərilən qayğının bariz nümunəsidir.
Sonra institutun tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev çıxış edərək institutda Tələbə Gənclər Təşkilatları ilə aparılan işin mahiyyətindən və gələcək perspektivlərindən danışmışdır.
İnstitutun magistr tələbəsi Ülkər Məmmədova institut Tələbə Gənclər Təşkilatlarının 2022-ci ildəki fəaliyyətinə dair hesabat təqdim etmiş, qazanılan uğurlar və 2023-cü ildə görüləcək işlər haqqında məlumat vermişdir.
Ülkər Məmmədova qeyd etmişdir ki, Naxçıvan Müəllimlər İnstitutu Tələbə Gənclər Təşkilatının 2022-ci il ərzindəki fəaliyyəti bir çox uğurlarla yadda qalıb. Təşkilatımız fəaliyyəti çərçivəsində bir çox yarış və layihələrdə iştirak etmiş, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Gənclər Fondu, Muxtar Respublikada fəaliyyət göstərən bir sıra idman federasiyaları və s. təşkilatylarla sıx əməkdaşlıq etmiş, ölkə səviyyəli və muxtar respublika səviyyəli tədbirlərdə iştirak edərək uğur qazanmışdır.
Qeyd edək ki, Tələbə Gənclər Təşkilatının nəzdində 15 klub fəaliyyət göstərir. Təşkilatımız qoşulduğu ON1000 proqramında 6, Hədəf “10%” proqramında 3, Çətir proqramı çərçivəsində 5 tədbir, klubların fəaliyyəti çərçivəsində 7 kitab müzakirəsi, 7 diskussiya, 7 ekskursiya, 10 müsabiqə, 9 əməkdaşlıq, 3 film nümayişi, 9 görüş, 3 düşərgə, 4 viktorina, 5 rəsm sərgisi, 6 təlim, 7 intellektual oyun, 3 layihə, əlamətdar günlərə həsr edilmiş 15 tədbir, 10 idman turniri, 3 idman həftəsi təşkil etmişdir. Bundan əlavə, institutun tələbələri “Yaşa və öyrən Bahariyyə” intellektual yarışının, institutun “Müəllimlər” komandası hərbi-idman oyununun, STEAM festivalının qalibi olmuşdur.
Tələbələrimiz badminton, qız tələbələr arasında keçirilən stolüstü tennis, yarışlarının qalibi olmuş və institut daxilində təşkil olunan bilik yarışlarında yüksək nəticələr sərgiləmişdir.
Həmçinin, institutumuzun tələbələri yüngül atletika, atıcılıq və badminton idman yarışlarında və STEAM festivalında 2-ci, peyntbol və bilik yarışında 3-cü, “Naxçıvan Marafonu-2022”-də 4-cü yerə layiq görülmüşdür.
Tələbələrimizdən ibarət komanda Bakıda təşkil olunan “Heydər Əliyev və Azərbaycan tarixi” Vll ümumrespublika bilik yarışında iştirak edərək 49 ali təhsil müəssisəsi arasında 12-ci yerdə qərarlaşmışdır.
Tələbə Gənclər Təşkilatının gələcək strategiyaları və planları arasında ən əsas vəzifə beynəlxalq təcrübəni fəaliyyətimizdə tətbiq etməkdir.
2022-ci ildə markalaşma və ictimaiyyətlə əlaqələr prinsipini əsas götürərək Tələbə Gənclər Təşkilatının fəaliyyətinə dair video-heasabat, bukletlər, bannerlər, loqo dizyanlı bayraq və digər rebrendinq məhsulları hazırlamışıq. Ən əsası isə təşkilatın fəaliyyətinin əsl mahiyyətini ifadə edən şüarlar müəyyən edilmişdir. Naxçıvan Müəllimlər İnstitutunu təmsil edəcək “Öyrətməyi bizimlə öyrən!” və Tələbə Gənclər Təşkilatının missiyasını ifadə edən “Fəaliyyətinlə fərq yarat!” şüarları ictimaiyyətlə düzgün əlaqələrin qurulması sahəsində xüsusi təsir amilinə çeviriləcəkdir.
Tədbirdə 2022-ci ildə tədris və ictimai işlərdəki fəalıqlarına görə fərqlənən bir qrup tələbə-gənclərə mükafatlar təqdim olunmuşdur.
Sonda tələbələrin hesabat sərgiləri ilə tanışlıq olmuş və hazırladıqları bədii hissəyə baxış olmuşdur.
İnstitut mətbuat və ictimaiyyətlə əlaqələr xidməti
Aygül Məmmədova