“Elmi-tədqiqatlarin əsaslari: nəzəriyyədən təcrübəyə” adlı təlim kursunu müvəffəqiyyətlə başa vurmuş magistrant, doktorant və gənc-tədqiqatçı müəllimlərə sertifikatlar təqdim edilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı və “Naxçıvan” Universitetinin iştirakı ilə keçirilən “Elmi-tədqiqatlarin əsaslari: nəzəriyyədən təcrübəyə” adlı təlim kursunu müvəffəqiyyətlə başa vurmuş magistrant, doktorant və gənc-tədqiqatçı müəllimlərə sertifikatlar təqdim edilmişdir. Təqdimat mərasimində Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov və “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva iştirak etmişlər. Rektorlar kursu müvəffəqiyyətlə başa vurmuş müdavimləri təbrik etmiş və vurğulamışlar ki, kursun keçirilməsinin əsas məqsədi dinləyicilərdə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi vərdişlərinin təkmilləşdirilməsi, nəzəri və tətbiqi istiqamətlərdə tədqiqat səriştələrinin formalaşdırılmasıdır. Təlim kursunda razılaşdırılmış tematik plan əsasında hər iki ali məktəbin 80 nəfərdən artıq magistrant, doktorant və gənc tədqiqatçı müəllimi iştirak etmişdir. Magistrant, doktorant və gənc müəllim-tədqiqatçılara təcrübəli professor-müəllimlər kurs müddətində “Elmi tədqiqatın aparılması mərhələləri”, “Elmi tədqiqatın nəticələrinin təqdimatı”, “Elmi üslubun (mətnlərin) əsas janrları (ümumi xarakteristika)”, “Elmi məruzə: hazırlanması və təqdimatı”, “Monoqrafiya elmi mətnlərin əsas janrlarında biri kimi”, “Dissertasiyaya və avtoreferata verilən tələblər” və s. mövzularda praktik materiallar əsasında mühazirələr söləmişlər.
Sonra müdavimlərə sertifikatlar təqdim edilmişdir.