Naxçıvan Müəllimlər İnstitutunda 2 fevral “Gənclər Günü”nə həsr edilmiş tədbir keçirilmişdir
Bugün Naxçıvan Müəllimlər İnstitutunda “Gənclər Günü” münasibəti ilə “Dövlət gənclər siyasəti” mövzusunda tədbir keçirildi. Tədbiri institutun prorektoru Azad Novruzov giriş sözü ilə açaraq qeyd etmişdir ki, Prezidentimizin müvafiq Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi” Dövlət Proqramları ölkəmizdə uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında “Gənclər siyasəti”nə xüsusi önəm verilir və çoxşaxəli əhatə dairəsinə malikdir. Dövlət proqramına uyğun olaraq gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, gənclərin sağlamlığının qorunması və xüsusi qayğıya ehtiyacı olan gənclərin dəstəklənməsi, gənclərin məşğulluğunun və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, onların yaradıcılıq fəaliyyətinin və asudə vaxtının təşkili, tələbələrin elmi, mədəni və ictimai fəaliyyətinin dəstəklənməsi və digər müddəaların həyata keçirilməsi üçün mütəmadi və ardıcıl iş aparılır. Azad Novruzov çıxışı zamanı həmçinin “Azərbaycan Gəncliyi” Dövlət Proqramlarının Naxçıvan Müəllimlər İnstitutunda icra vəziyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi. O, tədbir iştirakçılarını 2 fevral “Gənclər Günü” münasibətilə təbrik etdi.
Sonra Təbiət və incəsənət fakültəsinin dekan müavini Çapay Quliyev çıxış edərək Azərbaycanda dövlət gənclər siyasəti barəsində bir sıra məsələləri diqqətə çatdırdı.
Tədbirdə həmçinin Təbiət və incəsənət fakültəsi gənclər təşkilatının sədri Eltac Qurbanov “Naxçıvan Muxtar Respublikasında tələbə gənclərin inkişafı üçün mövcud şərait”, NMİ Tələbə Elmi Cəmiyyətinin sədri Fatimə Həsənova “2019-cu il ərzində Naxçıvan Müəllimlər İnstitutunun tələbə gənclərinin qazandığı uğurlar”, NMİ tələbə Həmkarlar İttifaqının sədri Günel Məmmədova isə “Naxçıvan Müəllimlər İnstitutunda tələbə gənclərin formalaşması və inkişafı üçün mövcud şərait” haqqında geniş məlumat verdilər.
Sonda təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə fəxri fərmanlar təqdim olundu.