Naxçıvan Müəllimlər İnstitutunda “Silinməz qan yaddaşımız” adlı tədbir keçirilib
19 yanvar tarixində Naxçıvan Müəllimlər İnstitutunda “20 Yanvar – Ümumxalq Hüzn Günü” ilə əlaqədar institutun əməkdaşları və tələbələrinin iştirakı ilə “Silinməz qan yaddaşımız” adlı tədbir təşkil olunub.
Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən institutun rektoru Azad Novruzov qeyd edib ki, 20 yanvar hadisəsinin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Bu, elə bir tarixdir ki, həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətdə olduğu sovet imperiyasına qarşı əliyalın, cəsarətlə mübarizəyə qalxdı, özünün müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoydu. 34 il keçsə də törədilən bu vəhşilik Azərbaycan xalqı tərəfindən unudulmamış, 20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulmuşdur. Gəncliyimiz tariximizdə baş verən hadisələrlə bağlı hər zaman məlumatlandırılmış, onların milli iradəsi və milli şüuru yüksək səviyyədə formalaşdırılmışdır. Bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu zəfər ilə həm “20 Yanvar”, həm də “Qarabağ müharibəsi” şəhidlərinin qisası alınıb.
Rektor bildirib ki, həmin gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də “20 Yanvar” faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.
Sonra Hümanitar və ictimai fənlər kafedrasının baş müəllimi, Tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova “Silinməz qan yaddaşımız adlı məruzə ilə çıxış edib. Diqqətə çatdırıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Həmin gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə şəhərinə yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Natiq vurğulayıb ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə etirazını bildirdi. Qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. 20 yanvar hadisələrinə ilk siyasi qiymət onun təşəbüsü ilə 1994-cü ilin mart ayının 29-da parlament tərəfindən verildi və qərar qəbul edildi.
Tədbirin sonunda “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr edilən sənədli film nümayiş olundu.