NAXÇIVAN MÜƏLLİMLƏR İNSTİTUTUNDA 2020-Cİ İLİN YEKUNLARI VƏ QARŞIDA DURAN MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB

Naxçıvan Müəllimlər İnstitutunun Elmi şurasının 22 yanvar 2021-ci il tarixli genişləndirilmiş iclasında institutun rektoru Azad Novruzov çıxış edərək bildirmişdir ki, 2020-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti illik iş planına uyğun olaraq təşkil edilmiş, Azərbaycan Respublikası Prezidentinin təhsil və elmlə bağlı imzaladığı Sərəncam, Fərmanlar, təsdiq etdiyi Dövlət proqramları və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncam, təsdiq etdiyi Dövlət proqramlarından irəli gələn məsələlər əsas götürülmüşdür. Həmçinin Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa, institutun Nizamnaməsinə, təhsil haqqında digər nörmativ-hüquqi sənədlərə əməl olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər kabinetinin “Koronavirus (COVİD – 19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” müvafiq Qərarlarının müddəalarına əməl olunmuşdur.
Rektor qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvan Müəllimlər İnstitutunun formalaşdırılması, elmi-pedaqoji kadr potensialının artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin yaradılması, ümumrespublika səviyyəli qabaqcıl ali təhsil müəssisəsi kimi tanıdılması istiqamətində görülmüş işlər 2020-ci ildə də davam etdirilmişdir.
Nəzərə çatdırılmışdır ki, hesabat ilində Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyəti 104 nəfərdən ibarət olmuşdur. Bunlardan 46 nəfəri elmi dərəcəli, o cümlədən 5 nəfəri elmlər doktoru, 41 nəfəri fəlsəfə doktorudur. Professor-müəllim heyətinin tərkibində 5 professor və 30 dosent çalışmışdır. Elmi dərəcəsi olmayan müəllimlərin sayı isə 58 nəfərdən ibarət olmuşdur.
Hesabat ilində institutundа 15 iхtisаs üzrə bаkаlаvr, 5 ixtisas üzrə isə magistr hazırlığı aparılmışdır.
Elmi-pedaqoji kadrların hazırlanması və institutun elmi potensialının möhkəmlənməsi istiqamətində bir sıra nəticələr əldə edilmişdir. 2020-ci ildə institutun əməkdaşlarından elmlər doktoru proqramı üzrə doktorant və dissertantların sayı 11, fəlsəfə doktoru proqramı üzrə doktorant və dissertantların sayı 18 nəfərə çatmışdır.
Hesabat ilində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 sentyabr 2020-ci il tarixli qərarı ilə Naxçıvan Müəllimlər İnstitutunda pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini həyata keçirmək üçün Dissertasiya şurası yaradılmışdır.
2020-ci ildə institutda tədris işləri normativ hüquqi sənədlərə və bəzi dəyişikliklərə uyğun təşkil edilmişdir. 2019-2020-ci ilin yaz semestr imtahanları (COVİD-19) pandemiyanın yaratdığı çətinliklərlə əlaqədar muxtar respublikadan olan tələbələr üçün ənənəvi, Azərbaycanın digər şəhər və rayonlarından olan tələbələr üçün onlayn qaydada şifahi təşkil olunmuşdur.
Rektorluq tərəfindən tədrisin səmərililiyinin artırılması, dərslərin keyfiyyətli təşkili üçün mütəmadi olaraq nəzarət mexanizmi hazırlanaraq tətbiq edilmiş, gənc müəllimlərlə yeni metodikalar üzərindən maarifləndirici müzakirələr təşkil olunmuşdur.
Rektor Azad Novruzov öz çıxışında həmçinin 2020-ci ildə Naxçıvan Müəllimlər İnstitutunda xarici əlaqələr, mətbuat xidməti və təsərrüfat işləri sahəsində icra edilmiş işləri nəzərə çatdırmışdır.
Sonra institutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Çapay Quliyev çıxış edərək hesabat ilində bu sahədə yerinə yetirilmiş işləri nəzərə çatdırmışdır. Qeyd olunmuşdur ki, tədris-təqvim planına əsasən Naxçıvan Müəllimlər İnstitutunda 2020-ci ildə yenidənhazırlanma və ixtisasartırma sahəsində tədbirlərin vaxtında və səmərəli yerinə yetirilməsi təmin edilmiş, karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar nəzərdə tutulmuş bir sıra tədbirlər onlayn qaydada təşkil edilmiş, fənn kurikulumlarının tətbiqində interaktiv təlim metod və üsullarından istifadəyə geniş yer verilməsi və fənlərin inteqrasiyasına diqqət artırılmış, ayrı-ayrı fənlər üzrə dərslik və proqramların ümumtəhsil məktəblərinin müəllimləri ilə müzakirəsinin keçirilməsinə nail olunmuşdur. Naxçıvan Müəllimlər İnstitutunun daxili nizam-intizam qaydalarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, dövlət tədbirlərinin vaxtlı-vaxtında və mütəşəkkil şəkildə həyata keçirilməsi üçün professor-müəllim və tələbə kollektivinin fəal iştirakı təmin olunmuş, ayrı-ayrı qrupların tyutorları ilə birlikdə tələbələr arasında müxtəlif tərbiyəvi mövzularda söhbətlər aparılmışdır.
2020-ci ildə Naxçıvan Müəllimlər İnstitutunda elmi-tədqiqat işlərinin planlaşdırılması və yerinə yetirilməsi vəziyyəti haqqında institutun elmi katibi, Qurban Qurbanlı məlumat vermişdir. Bildirilmişdir ki, Naxçıvan Müəllimlər İnstitutunda 2019-2023-cü illər üçün vahid elmi problem “Elm və təhsilin tarixi, nəzəriyyəsi və təlim texnologiyaları” kimi müəyyənləşdirilmişdir. Hesabat ilində institutun profilinə uyğun elm sahələrinin istiqamətləri üzrə elmi-tədqiqat işləri yerinə yetirilmişdir. Bu işlər sırasında ölkə elm və təhsilinin tarixi, təlim və tərbiyənin nəzəriyyəsi və metodikası, Azərbaycan xalqının maddi-mədəni dəyərlərinin Naxçıvan regional məsələlərinə aid aktual mövzular əsas yer tutur. Elmi-tədqiqat işlərinin 60 faizindən çoxu regional məsələlərə həsr olunmuşdur.
Hesabat ilində göstərilən elmi istiqamətlər üzrə kafedralarda və İxtisasartırma və yenidənhazırlanma bölməsində 89 əməkdaş 89 mövzu üzrə elmi-tədqiqat işlərini icra etmişlər. Elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin vəziyyəti mütəmadi olaraq kafedra, fakültə və institut Elmi şuralarının iclaslarında müzakirə edilmişdir. Elmi-tədqiqat işlərinin müzakirə qrafıkləri uyğun kafedralar tərəfindən vaxtında tərtib olunaraq elmi hissəyə təqdim olunmuş, bu əsasda ümuminstitut müzakirə qrafiki tərtib və təsdiq olunmuş, 2020-ci ilin oktyabr-noyabr aylarında həmin qrafık əsasında müzakirələr keçirilmişdir.
2020-ci ildə institut əməkdaşlarının 366 əsəri, o cümlədən 6 monoqrafiyası, 7 kitabı, 24 tədris-metodik vəsaiti və fənn proqramı, 278 eimi və elmi-metodik məqaləsi, 51 tezisi çap olunmuşdur. Bunlardan 26 elmi məqalə və 2 tezis xaricdə çap olunmuşdur. Bu məqalələrdən 16-sı beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan elmi nəşrlərdə dərc olunmuşdur.
Hesabat ilində Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti Naxçıvan Müəllimlər İnstitutu rektorluğunun daim diqqət mərkəzində olmuşdur. 2019-2020-ci tədris ilinin əvvəllərində tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsi üzrə bir sıra zəruri işlər görülmüş, tələbələrin fərdi tədqiqat planları tərtib və kafedra iclaslarında təsdiq edilmiş, tədris ili boyunca elmi rəhbər və tədqiqatçı tələbələrin birgə işinə nəzarət edilmişdir. 2020-ci ilin əvvəllərində rektorluğun iclasında 2019-2020-ci tədris ilinin yaz semestrində TEC-in 7 mərhələdən ibarət fəaliyyət qrafiki təsdiq edilmiş və işlər bu qrafik üzrə uğurla davam etdirilmişdir. 2019-2020-ci tədris ilində institutun 8 kafedrası üzrə 91 müəllimin elmi rəhbərliyi altında 180 tələbə elmi-tədqiqat işi icra olunmuşdur.
Həmçinin qeyd olunmuşdur ki, hesabat ilində institut əməkdaşlarından 45 nəfəri beynəlxalq statuslu (o cümlədən 21 nəfəri xaricdə keçirilmiş) elmi konfrans, simpozium və seminarlarda (əsasən videobağlantı formatında) iştirak edərək məruzələrlə çıxış etmişlər.
Sonda rektor 2021-ci ildə görüləcək işləri diqqətə çatdırmış və tədbirə yekun vurmuşdur.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat və ictimaiyyətlə əlaqələr xidməti