“20 yanvar tariximizin qan yaddaşıdır” mövzusunda anim mərasimi keçirilmişdir
17 yanvar 2018-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “20 yanvar tariximizin qan yaddaşıdır” mövzusunda anım mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun Tərbiyə işləri üzrə prorektoru, professor Sədaqət Həsənova qeyd etdi ki, “20 yanvar” xalqımızın azadlıq mübarizəsi yolunda qəhrəmanlıq tarixidir. Vətən oğulları o qanlı gecədə haqqın-ədalətin müdafiə olunması yolunda canlarından keçərək xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Yanvarın 19-dan 20-nə keçən gecə rus imperiyasının əliqanlı caniləri Bakı şəhərində xalqımıza qarşı qanlı cinayət törətdilər. Xalqımızın əzmini, iradəsini qırmağa yönəlmiş bu təcavüz siyasəti insanları daha da sıx birləşdirdi. Eyni zamanda 70 il inanaraq yedirib-içirdiyimiz “qızıl ordu”nun necə qaniçən ordu olduğunu və Sovet rəhbərliyinin apardığı siyasətin necə mənfur bir siyasət olduğunu açıb göstərdi.
Ulu öndər Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə Moskvadakı Azərbaycan nümayəndəliyində çıxış edərkən bu cinayəti törədənlərin iç üzünü açaraq dünyaya bəyan elədi.
İnstitutun Humanitar və Təsviri incəsənət kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Xəzər Hüseynov “Azərbaycanın şəhidlik tarixi” mövzusunda geniş məruzə etdi. Natiq çıxışında Azərbycanda şəhidlik tariximizlə bağlı maraqlı faktlara toxunmaqla yanaşı bir daha 20 Yanvar faciəsini törədənlərin qeyri-insani əməllərini, xalqımıza qarşı düşmənçilik hisslərinin haradan qaynaqlandığını faktlarla açıqladı. O, qeyd etdi ki, bu gün dünya dövlətləri cərgəsində öz layiqli yerini tutan ölkəmizin və xalqımızın işıqlı sabahı üçün Prezidentimiz cənab İlham Əliyev bir daha ötən günlərin təkrar olunmaması üçün məqsədyönlü və ardıcıl siyasət aparır.
Sonra Riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, dos.Rövşən Vəliyev “Xalqımız 20 yanvar faciəsini unutmayacaq” mövzularında çıxış etdilər.
Sonda tələbələrin ifasında 20 yanvara həsr olunmuş şeirlər oxundu.
İnstitutun Tərbiyə işləri üzrə prorektoru, professor Sədaqət Həsənova tədbirə yekun vurdu.
Naxçıvan Müəllimlər İnstitutunun
Mətbuat Xidməti