Naxçıvan Müəllimlər İnstitutunda “Milli azadlıq tariximiz: Qanlı Yanvar” mövzusunda elmi-praktik konfrans keçirilib
Bugün Naxçıvan Müəllimlər İnstitutunda Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olan 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib. Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Milli azadlıq tariximiz: Qanlı Yanvar” adlı elmi-praktik konfransı institutun prorektoru Azad Novruzov açmış və bildirmişdir ki, 20 yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi yazılmışdır. Keçmiş sovet dövlətinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirmişdir.
Sonra institutun “Humanitar və ictimai fənlər kafedrası”nın müəllimi Emin Məmmədovun “20 Yanvar milli-azadlıq tariximizin qürur səhifəsidir” adlı məruzəsi dinlənilmişdir. Diqqətə çatdırılmışdır ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Qanlı 20 Yanvar faciəsi xalqımızın yenilməz əzmkarlığını, mütəşəkkilliyini, mətanətini, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. 1980-ci illərin sonunda Azərbaycanda başlanan siyasi oyanış sovet rəhbərliyini ciddi narahat etmiş və nəticədə bu faciə törədilmişdir.
Çıxış zamanı faciənin tarixi məsələləri ilə yanaşı həmin illərdə və keçən dövr ərzində yerli və xarici mətbuatda, elmi və bədii ədəbiyyatda, həmçinin ölkə qanunvericiliyində 20 Yanvar faciəsinə münasibət qeyd olunmuş, bir sıra statistik məlumatlar vurğulanmışdır. Həmçinin bildirilmişdir ki, 20 Yanvar faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Ali Məclisində siyasi və hüquqi qiymət verilib.
Tədbirdə institut tələbələrinin “20 Yanvar faciəsi tələbə gənclərin düşüncəsində” adlı kompozisiyası dinlənilmiş və Qanlı Yanvar faciəsini əks etdirən video slayt nümayış olunmuşdur.
Sonda “Təsviri incəsənət müəllimliyi” ixtisası tələbələrinin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilmişdir.