NMİ-də “Ətraf mühitin mühafizəsinin elmi və hüquqi əsasları” mövzusunda tədbir keçirilib

    Bu gün Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsinin elmi və hüquqi əsasları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir hər iki qurum tərəfindən 2025-ci ilin dekabr ayı üçün müəyyən olunmuş ekoloji maarifləndirmə proqramı çərçivəsində reallaşıb.
Tədbiri institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov açaraq ətraf mühitin qorunmasına dair maarifləndirici fəaliyyətlərin gənclərin ekoloji bilik və məsuliyyətinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı, Baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək ətraf mühitin hüquqi mühafizəsi, ekoloji hüquq pozuntularının növləri və bu sahədə tətbiq olunan məsuliyyət tədbirləri barədə geniş məlumat verib.
Ardınca Prokurorluğun əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Türkanə Əliyeva ekoloji problemlərin elmi əsasları, ekosistemlərin qorunması və aktual ekoloji çağırışlarla bağlı təqdimat edib.
Tədbirdə iştirak edən institut əməkdaşı, “Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək” İctimai Birliyinin sədri Aygül Məmmədova da mövzu ilə bağlı fikirlərini bildirib. O, tədbirin tələbələrdə ekoloji maariflilik və məsuliyyət hissinin formalaşmasına töhfə verdiyini qeyd edərək təşkilatçılara minnətdarlığını bildirib.
Sonda tədbir çərçivəsində hazırlanmış videoçarx nümayiş etdirilib, mövzu ilə bağlı suallar cavablandırılıb və müzakirələr aparılıb.