NMİ tələbələri üçün Duzdağda elmi-nəzəri seminar keçirilib

Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və İncəsənət fakültəsinin “İncəsənət” kafedrasının təşkilatçılığı ilə Duzdağ Fizioterapiya Mərkəzində elmi-nəzəri seminar keçirilib. Tədbirdə fakültənin dekanı, institutun əməkdaşları, kafedranın müəllimləri və Təsviri incəsənət müəllimliyi ixtisasının tələbələri iştirak ediblər.
Seminarda İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyeva “Təbiət təsvirlərinin tarixi, estetik ifadəsi və onların tərbiyədə rolu”, kafedranın dosenti Nizami Alıyev “Naxçıvan Duzdağı— qədim tarix və mədəniyyət nümunəsi elmi araşdırmalar işığında” mövzusunda çıxış ediblər. Həbibə Allahverdiyeva Duzdağa həsr olunmuş əsərlər əsasında mənzərə janrının təsviri sənətdə yeri, təbiət təsvirlərinin estetik xüsusiyyətləri və onların gənclərin yaradıcılıq düşüncəsinin formalaşmasındakı rolu barədə danışıb. Çıxış zamanı Azərbaycanlı və xarici rəssamların Duzdağa həsr etdiyi əsərləri nümayiş etdirilib. Təqdimatda Maral Rəhmanzadə, Əyyub Hüseynov, o cümlədən naxçıvanlı rəssamlardan əməkdar rəssam Sabir Məmmədov, Azərbaycanın Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın kompozisiyası, həmçinin Türkiyəli rəssam Ayşən Canın Duzdağa həsr etdiyi əsərlər təhlil olunub.
Daha sonra kafedranın dosenti Nizami Alıyev təbiət təsvirlərinin estetik və tarixi əhəmiyyəti, Duzdağla bağlı aparılan tədqiqatlar, mənzərə janrının incəlikləri və bu məkanın rəngkarlıq üçün yaratdığı yaradıcılıq imkanları haqqında məruzə edib.
Seminarın sonunda tələbələr üçün Duzdağ ərazisinə ekskursiya təşkil olunub. Tələbələr müxtəlif təbiət mənzərələrinə uyğun olaraq açıq havada etüd və eskiz işləri aparıb, təbiətin rəng, işıq-kölgə və forma xüsusiyyətlərini müşahidə ediblər. Müəllimlər onlara əsərlərdə kompozisiya quruluşu və texniki yanaşmalarla bağlı metodiki tövsiyələr veriblər.
Tədbir tələbələrin peşəkar bacarıqlarının inkişafına, təbiət motivlərinin sənətdə tətbiqi üzrə bilik və yaradıcılıq təcrübələrinin zənginləşdirilməsinə xidmət edib