NMİ-də “Suverenliyin Zəfər yolu” kitabının təqdimatı keçirilib

01 dekabr 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunda “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” Publik Hüquqi Şəxsin tabeliyində fəaliyyət göstərən Hüquq və İnsan Haqları İnstitutunun təşəbbüsü ilə hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar və siyasi paralellər” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov qonaqları salamlayaraq kitabın ölkəmizin dövlətçilik ənənələrinin möhkəmlənməsində, suverenliyin hüquqi əsaslarının elmi təhlilində və ictimai-siyasi düşüncənin inkişafında oynadığı roldan bəhs edib. O, çıxışında Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin bu əsərdə geniş şəkildə təhlil olunduğunu, həmçinin möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenlik modelinin müasir mərhələdə qazandığı qələbələrin kitabda dolğun şəkildə əks olunduğunu vurğulayıb.
Daha sonra çıxış edən kitabın müəllifi Vəfaddin İbayev əsərin yaranma məqsədi, konseptual yanaşmaları, hüquqi əsasları və dövlət suverenliyinin təmin olunması istiqamətində aparılan siyasi-hüquqi islahatların elmi izahı barədə ətraflı məlumat verib. Müəllif qeyd edib ki, kitabın ideya xəttini Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət, eləcə də Ulu Öndərin dövlətçilik irsinin ardıcıl tətbiqi təşkil edir.
Təqdimatda iştirak edən professor-müəllim heyəti, hüquqşünaslar və tədqiqatçılar kitab haqqında fikirlərini bölüşərək, əsərin həm elmi, həm də praktiki baxımdan yüksək əhəmiyyətə malik olduğunu bildiriblər. Çıxışlarda vurğulanıb ki, “Suverenliyin Zəfər yolu” kitabı təkcə hüquqi-siyasi təhlil deyil, həm də Azərbaycanın müasir dövlətçilik fəlsəfəsinin və qələbə strategiyasının sistemli izahıdır.
Tədbir suverenlik, hüquqi yanaşmalar, milli ideoloji xətt və siyasi paralellər mövzularında geniş fikir mübadiləsi aparılması üçün əlverişli platforma yaradıb.