NMİ -də Beynəlxalq elmi konfrans keçirilib

28 noyabr 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika və psixologiya kafedrasının və Azərbaycan Elm Mərkəzinin tərəfdaşlığı ilə “Təhsilin psixoloji aspektləri və innovativ yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda ölkənin müxtəlif ali təhsil müəssisələrini təmsil edən alimlər və təhsil mütəxəssisləri iştirak ediblər.
Konfransın açılışını Naxçıvan Müəllimlər İnstitutunun rektor vəzifələrini icra edən dosent Elşən Məmmədov edib. O, çıxışında ali təhsil sistemində psixoloji yanaşmaların tətbiqinin, təhsil prosesində elmi tədqiqatların əhəmiyyətinin və institutlararası əməkdaşlığın vacibliyinin önəmini vurğulayıb.
Konfransın plenarı çərçivəsində ilk məruzə ilə Naxçıvan Müəllimlər İnstitutunun Pedaqogika üzrə elmlər doktoru, professor İsmayıl Əliyev “Müəllim hazırlığında etnomədəni komponentlərin rolu” mövzusunda çıxış edərək milli-mədəni dəyərlərin pedaqoji hazırlığa inteqrasiyasını izah edib.
İnstitutun Riyaziyyat elmləri doktoru, professor Yaqub Məmmədov “Pedaqoji–psixoloji eksperimentlərdə statistik metodların rolu” mövzusunda təqdimatla çıxış edərək təhsildə aparılan eksperimentlərin statistik analiz vasitəsilə qiymətləndirilməsi, nəticələrin elmi əsaslarla interpretasiyası və pedaqoji tətbiqləri haqqında geniş təqdimatla iştirakçıları məlumatlandırıb.
Daha sonra Psixologiya üzrə fəlsəfə doktoru, dosent Salatın Hacıyeva “Hərbi xidmətçilərin döyüş fəaliyyətinə təsir edən sosial-psixoloji amillər” mövzusunda çıxışında ekstremal şəraitdə davranışın psixi təsirləri və sosial amillər barədə elmi nəticələrini təqdim edib.
Konfrans daha sonra 8 bölmə üzrə fəaliyyətini davam etdirib. Bölmələrdə ümumilikdə 86 elmi məqalə təqdim olunub. Tədqiqat işlərində təhsilin psixoloji əsasları, innovativ pedaqoji yanaşmalar, təlim prosesində motivasiya, inklüziv təhsil, təhsil idarəçiliyi və digər aktual istiqamətlər üzrə elmi nəticələr müzakirə olunub.
Tədbirin sonunda iştirakçılar ali təhsildə psixoloji yanaşmaların inkişaf etdirilməsinin, innovativ metodların tətbiqinin və tədqiqatların genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.