Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji ixtisaslar üzrə pedaqoji təcrübənin yekunları ilə bağlı geniş tərkibli tədbir keçirilib. Tədbirdə institut rəhbərliyi, struktur bölmələrin məsul şəxsləri, Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin rəhbərləri və fənn müəllimləri, həmçinin məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.
Görüşü institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov açaraq, pedaqoji təcrübənin müəllim hazırlığında xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, bu mərhələ tələbələrin nəzəri biliklərinin praktik bacarıqlara çevrilməsi və real tədris mühitinə uyğunlaşması baxımından mühüm rol oynayır. Rektor çıxışında, həmçinin əmək bazarının dəyişən tələblərinə uyğun olaraq çevik, innovativ düşüncəli və pedaqoji yanaşmaları mənimsəmiş kadrların hazırlanmasının zəruriliyini vurğulayıb. Bu baxımdan, ali təhsil müəssisəsi ilə Təhsil Nazirliyi və ümumtəhsil məktəbləri arasında qurulan əməkdaşlıq pedaqoji təcrübənin keyfiyyətinin yüksəldilməsinə və məzunların əmək bazarına daha hazırlıqlı çıxışına xidmət edir.
Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Qurban Qurbanlı çıxışında müasir təhsil sistemində baş verən yeniliklərə toxunub. O, təhsil sahəsində tətbiq edilən yeni strategiyalar, rəqəmsal texnologiyaların dərs prosesinə inteqrasiyası və ali təhsil müəssisələri ilə ümumtəhsil məktəbləri arasında qarşılıqlı əlaqənin gücləndirilməsinin vacibliyindən bəhs edib. Bildirilib ki, pedaqoji təcrübənin təşkilində təkcə fənn bilikləri deyil, eyni zamanda tələbələrin kommunikasiya, tənqidi və yaradıcı düşünmə bacarıqlarının formalaşdırılması əsas hədəflərdən biri olmalıdır. Bu məqsədlə məktəb və universitet əməkdaşlığı çərçivəsində metodik seminarların, praktik dərs müşahidələrinin və mentorluq fəaliyyətinin genişləndirilməsini də təklif edib.
Daha sonra uzun illər Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsini icra etmiş, hazırda Elmi katib vəzifəsində çalışan dosent Azad Novruzov çıxış edərək, təhsilin ölkənin davamlı inkişafındakı aparıcı rolunu vurğulayıb. O, müasir və rəqabətqabiliyyətli kadrların hazırlanmasının təhsil sisteminin əsas vəzifələrindən biri olduğunu bildirib. Təcrübə prosesində praktiki bacarıqların inkişafı ilə yanaşı, tələbələrdə peşə etikasının və məsuliyyət hissinin formalaşdırılmasının vacibliyi qeyd olunub. O, ali və ümumtəhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin pedaqoji təcrübənin keyfiyyətinə birbaşa təsir etdiyini diqqətə çatdırıb.
İnstitutun professoru Yaqub Məmmədov da çıxışında tələbələrin peşəkar fəaliyyətə hazırlanmasında praktiki biliklərin əvəzsiz rolunu vurğulayıb və təcrübə rəhbərlərinə bir sıra tövsiyələr verib.
Tədbir iştirakçıları ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, fənn müəllimləri və təcrübə rəhbərləri çıxış edərək pedaqoji təcrübənin gedişi, tələbələrin hazırlıq səviyyəsi, dərs prosesindəki fəallığı və məsuliyyətli yanaşması barədə fikirlərini bildiriblər. Bildirilib ki, tələbələr tədris prosesinə yaradıcı yanaşmaları, müasir metodlardan istifadə bacarıqları və pedaqoji etika qaydalarına əməl etməklə müəllim kollektivlərinin və şagirdlərin rəğbətini qazanıblar. İştirakçılar ali təhsil və ümumi təhsil müəssisələri arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edərək, təcrübənin məzmununun zənginləşdirilməsi və təcrübə müddətində müəllim-mentor sisteminin tətbiqi ilə bağlı təkliflər irəli sürüblər.
Görülən işlərin qiymətləndirilməsi məqsədilə məktəb rəhbərləri tərəfindən pedaqoji təcrübə dövründə fəallıq göstərmiş, fərqlənmiş və nümunəvi fəaliyyət sərgiləmiş bir qrup tələbəyə təşəkkürnamələr təqdim olunub. Bu təşəbbüs tələbələrin motivasiyasının artırılması və gələcək müəllim karyerasına daha həvəslə yanaşmaları baxımından iştirakçılar tərəfindən müsbət qarşılanıb.

