2025-ci il mayın 30-da Naxçıvan Müəllimlər İnstitutunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Ümumi təhsilin aktual problemləri” mövzusunda IV Respublika elmi-praktik konfransı öz işinə başlayıb. Hibrid (əyani və videobağlantı) formatda keçirilən tədbirin təşkilatçısı olan Naxçıvan Müəllimlər İnstitutu ilə yanaşı, tərəfdaşları arasında Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti də yer alıb.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin açılış mərasimində Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsini icra edən Elşən Məmmədov qeyd edib ki, təhsildə innovasiyaların tətbiqi, tədris metodlarının yenilənməsi və pedaqoji təcrübənin elmi əsaslarla zənginləşdirilməsi üçün belə forumlar tədqiqatçıların və müəllimlərin qarşılıqlı əməkdaşlığına geniş imkanlar yaradır.
Elşən Məmmədov çıxışında həmçinin Naxçıvan Müəllimlər İnstitutunun son dövrlərdəki fəaliyyətinə də toxunub. O bildirib ki, institut son illər ərzində elmi tədqiqat sahəsində əhəmiyyətli addımlar atmış, akademik fəaliyyətini müasir tələblərə uyğunlaşdıraraq regional və beynəlxalq elmi mühitə inteqrasiyanı sürətləndirmişdir. Beynəlxalq konfranslarda iştirak, birgə elmi layihələrin həyata keçirilməsi və akademik əlaqələrin genişləndirilməsi institutun elmi potensialının yüksəlməsinə ciddi təkan vermişdir.
O, həmçinin qeyd edib ki, hazırda institutda tədqiqat yönümlü tədris mühitinin yaradılması, elmi istiqamətlərin prioritetləşdirilməsi, müəllim və tələbələrin elmi fəaliyyətə cəlb olunması xüsusi diqqət mərkəzindədir. Bu istiqamətdə görülən işlər, təhsil sahəsində qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına, müasir dövrün təhsil çağırışlarına adekvat cavabların formalaşdırılmasına xidmət edir.
Çıxışının sonunda Elşən Məmmədov konfrans iştirakçılarına uğurlar arzulayaraq əminliyini ifadə edib ki, bu tədbir nəticə etibarilə ümumi təhsilin məzmun və keyfiyyət baxımından zənginləşdirilməsinə, həmçinin elmi-pedaqoji ictimaiyyətin birgə fəaliyyətini stimullaşdıran mühüm nəticələrlə yadda qalacaq.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri Şikar Hüseynov çıxışında muxtar respublikada təhsilin hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib. O, vurğulayıb ki, Naxçıvanda təhsil sahəsində həyata keçirilən ardıcıl və sistemli islahatlar son illər ərzində təhsilin keyfiyyət göstəricilərinə əhəmiyyətli təsir göstərmişdir. İnfrastrukturun müasirləşdirilməsi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllim heyətinin peşəkarlıq səviyyəsinin artırılması və təhsildə rəqəmsallaşma prosesi bu sahədə prioritet istiqamətlər kimi müəyyən olunmuşdur. Şikar Hüseynov konfransda müzakirəyə çıxarılan istiqamətlər üzrə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində görülən və görüləcək işlər haqqında ətraflı məlumat verib, konfransın bu istiqamətdə onlar üçün faydalı olacağına inandığını deyib, tədbir iştirakçılarına uğurlar arzulayıb.
Naxçıvan Müəllimlər İnstitutunun Elm və innovasiya məsələləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı çıxışında tədbirin elmi istiqamətləri və konfransın əsas məqsədi və vəzifələri barədə ətraflı məlumat verib, elmi tədbirdən gözlənilən nəticələri vurğulayıb. O bildirib ki, IV Respublika elmi-praktik konfransda pedaqoji təhsilin müasir çağırışlara uyğunlaşdırılması, təhsildə innovasiyaların tətbiqi, təlim-tərbiyə prosesində milli dəyərlərin qorunması, rəqəmsal resursların istifadəsi, şagirdlərin sosial-emosional inkişafı, kurikulumun tətbiqi və qiymətləndirmə mexanizmləri kimi mühüm istiqamətlərdə aktual mövzular müzakirə olunacaq, məruzələ
Qurban Qurbanlı onu da qeyd edib ki, təqdim olunan elmi tezislər və məruzələr təkcə nəzəri biliklərə əsaslanmır, həm də praktiki təcrübənin, pedaqoqların gündəlik fəaliyyətindən yaranan real problemlərin və onların həlli yollarının elmi izahını əhatə edir. Bu, konfransın ümumi təhsilin inkişafına real töhfə verməsini təmin edən əsas göstəricilərdən biridir.
Qurban Qurbanlı həmçinin Naxçıvan Müəllimlər İnstitutunun ölkədə 25 ildir dövlət ali təhsil müəssisəsi kimi layiqincə fəaliyyət göstərməsindən danışıb, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxs olmasını iştirakçıların diqqətinə çatdırıb.
Plenar iclasda çıxış edən Azərbaycan Respublikasının Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov çıxış edərək təhsil sistemində innovativ idarəetmə modelləri, kurikulum islahatları və pedaqoji kadrların hazırlanması məsələlərinə toxunub. Bildirib ki, təhsilin inkişafı üçün elmi əsaslara söykənən, çevik və adaptiv yanaşmalar mühüm əhəmiyyət kəsb edir. Professor müəllimlərin səriştə əsaslı hazırlığının gücləndirilməsi və təlim nəticələrinin ölçülə bilən meyarlarla qiymətləndirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Naxçıvan Müəllimlər İnstitutunun dosenti, tarix elmləri doktoru Zeynəb Quliyeva “Tarix təlimində varislik məsələsi innovativ düşüncə müstəvisində” mövzusunda çıxış edərək bildirib ki, təhsilin müasir mərhələsində tarix təlimində varisliyin qorunması təkcə keçmişin öyrənilməsi deyil, həm də innovativ yanaşmaların tətbiqi ilə şagirdlərin analitik və tənqidi düşünmə bacarıqlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. O, vurğulayıb ki, ənənəvi təlim üsulları ilə yanaşı, yeni texnologiyaların – elektron resursların, interaktiv metodların və rəqəmsal təlim platformalarının tətbiqi tarix dərslərində şagirdlərin marağını artırmaqla yanaşı, onların keçmişlə bu günü əlaqələndirmək və gələcəyi proqnozlaşdırmaq bacarığını da inkişaf etdirir.
Hər iki məruzəçi iştirakçılar tərəfindən maraqla qarşılanıb və onların çıxışları elmi müzakirələrin əsasını təşkil edib.
Konfrans çərçivəsində keçirilən bölmə iclaslarında 13 bölmə üzrə ümumilikdə 170 tezis təqdim olunub və geniş elmi müzakirələr aparılıb.
Konfrans ümumi təhsil sahəsində aktual məsələlərin nəzəri və praktik baxımdan təhlili, elmi yeniliklərin mübadiləsi və gələcək əməkdaşlıqlar üçün mühüm platforma rolunu oynayıb.



