Naxçıvan Müəllimlər İnstitutunda Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə məzunlara həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin, eyni zamanda institutun şəhid məzunlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə giriş sözü ilə institutun rektoru vəzifəsini icra edən Elşən Məmmədov çıxış edərək, məzunları təbrik edib, onların təhsil müddətində qazandıqları bilik və bacarıqların gələcək fəaliyyətlərində əsaslı rol oynayacağına inandığını bildirib. O, həmçinin tələbələrin elmi, ictimai və fərdi inkişaf sahəsində göstərdikləri nailiyyətləri yüksək qiymətləndirib, onların cəmiyyət üçün dəyərli mütəxəssis kimi yetişməsindən məmnunluğunu ifadə edib, müəllim heyətinin əməyini də xüsusi qeyd edib.
Daha sonra müəllimlər adından çıxış edən Tədris şöbəsinin müdiri Əhruz Mahmudova məzunların tələbəlik illərindəki inkişaf yolundan bəhs edib. O, tələbələrin zamanla necə yetkin, savadlı və özünəinamlı fərdlərə çevrildiyini vurğulayaraq, onların hər birinin institut üçün qürur mənbəyi olduğunu diqqətə çatdırıb. Əhruz Mahmudova məzunların gələcəkdə də öyrənməkdən çəkinməyəcəyinə və daim öz üzərlərində çalışacaqlarına inandığını bildirib.
Tədbirdə məzunlar da çıxış edərək, institutda keçirdikləri illər ərzində qazandıqları dostluqlardan, müəllimlərin diqqət və qayğısından, təhsil aldıqları müddətdə əldə etdikləri həyat təcrübəsindən söz açıblar. Onlar tələbəlik illərinin həyatlarının ən yadda qalan mərhələsi olduğunu vurğulayıblar.
Mərasim tələbələrin hazırladığı rəqs və musiqi nömrələri ilə davam edib. Akademik göstəricilərinə, ictimai fəallıqlarına və idman sahəsində fərqləndiklərinə görə bir sıra məzunlar institut rəhbərliyi tərəfindən təşəkkürnamələrlə təltif olunublar.
Tədbirin sonunda məzunlar xatirə şəkilləri çəkdirib, mərasim şən və yaddaqalan notlarla başa çatıb


