21 may tarixində Naxçıvan Müəllimlər İnstitutunda institut səviyyəsində təşkil edilən elmi-nəzəri seminarlar çərçivəsində növbəti tədbir keçirilib. Bu dəfəki seminar “Ali riyaziyyat və informatika” kafedrasının təşkilatçılığı ilə baş tutub. Elmi tədbirin mövzusu “VII sinifdə riyaziyyatın tədrisi metodikasının xüsusiyyətləri və səmərəli yolları” olub.
Seminara giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Qurban Qurbanlı çıxış edib. O, seminarın əhəmiyyətindən danışaraq riyaziyyatın tədrisində metodikanın düzgün qurulmasının şagirdlərin fənni mənimsəməsində mühüm rol oynadığını vurğulayıb.
Seminarda əsas məruzə ilə “Ali riyaziyyat və informatika” kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən Vəliyev çıxış edib. Məruzədə VII sinifdə riyaziyyatın tədrisində tətbiq edilən müasir metodlar, şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla istifadə olunan tədris üsulları, interaktiv və praktik yanaşmalar, eləcə də təlim prosesinin səmərəliliyini artıran innovativ yollar ətraflı şəkildə təhlil olunub.
Seminarın sonunda iştirakçılar tərəfindən mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi olub. Tədbir müəllimlərin pedaqoji fəaliyyətində nəzəri biliklərin praktikaya tətbiqində əhəmiyyətli rol oynamaqla, riyaziyyat tədrisinin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş təşəbbüslərin davamı kimi qiymətləndirilib.

