20 may tarixində Naxçıvan Müəllimlər İnstitutunun Kitabxanasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”, eləcə də “İnsan Hüquqları Aylığı” çərçivəsində “Qanunla güclü cəmiyyət” adlı dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov açaraq, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində atılan addımların, xüsusilə də 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən danışıb. O, bu çərçivədə maarifləndirici tədbirlərin keçirilməsinin hüquqi biliklərin artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə İnstitutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov “Vətəndaşların konstitusion hüquqları, azadlıqları və vəzifələri” mövzusunda çıxış edərək, hər bir vətəndaşın Konstitusiyadan irəli gələn hüquqlarını bilməsinin və bu hüquqlardan düzgün istifadə etməsinin önəmini qeyd edib.
Daha sonra Humanitar və İctimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə “Müstəqil dövlətçiliyin təməl prinsiplərində qanunvericiliyin rolu” mövzusunda çıxış edərək, dövlətin hüquqi əsaslar üzərində qurulmasının milli inkişaf və ictimai sabitliyin başlıca təminatçılarından biri olduğunu bildirib.
Dəyirmi masa iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçılar arasında fikir mübadiləsi olub.

