Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinin ibtidai sinif müəllimliyi ixtisası üzrə IV kurs tələbələri Naxçıvan şəhərindəki 4, 11 və 14 nömrəli tam orta məktəblərdə Novruz bayramına həsr olunmuş silsilə tədbirlər təşkil ediblər.
Tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlərdə Pedaqoji fakültənin dekanı Samirə Həsənova, pedaqoji təcrübə rəhbəri Gülmira Əsədova, metodistlər, pedaqoji və psixoloq rəhbərlər iştirak ediblər.
Bayram proqramı çərçivəsində təcrübəçi tələbələr və şagirdlər tərəfindən maraqlı və rəngarəng çıxışlar təqdim olunub. Şeirlər, mahnılar, milli rəqslər və xalq oyunları vasitəsilə Novruzun zəngin ənənələri və bahar ab-havası nümayiş etdirilib. Novruzun sevilən simvolları Kosa və Keçəlin iştirakı tədbirlərə xüsusi rəng qataraq iştirakçılara xoş ovqat bəxş edib.
Eyni zamanda, şagirdlərin hazırladıqları Novruz xonçaları, səmənilər, rəsm və müxtəlif əl işlərindən ibarət sərgi təşkil olunub. Yaradıcılıq nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
Sonda fəallığı ilə seçilən şagirdlər təcrübəçi tələbələr tərəfindən mükafatlandırılıb, tədbirlər şən bayram mahnıları və səmimi təbriklərlə yekunlaşıb.


