NMİ-də təcrübəçi tələbələr üçün elmi-metodiki təlimlərə start verilib

Naxçıvan Müəllimlər İnstitutunda 3–5 mart 2026-cı il tarixlərində “Təcrübəçi tələbələrin peşə səriştələrinin inkişafı: nəzəri yanaşmalar və praktiki tətbiq modelləri” mövzusunda üç günlük elmi-metodiki təlimə start verilib.
Təlimin əsas məqsədi gələcək müəllimlərin peşə mövqeyinin formalaşdırılması, səriştə əsaslı yanaşmanın mənimsədilməsi, həmçinin müasir təhsil kontekstində praktik bacarıqlarının inkişaf etdirilməsidir.
Təlimin ilk günü (03.03.2026) institutun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədovun giriş sözü ilə açıq elan olunub. O, çıxışında pedaqoji təcrübənin müəllim hazırlığında mühüm rol oynadığını qeyd edərək, nəzəri biliklərlə praktik fəaliyyətin vəhdətinin gələcək müəllimlərin peşəkar formalaşmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Proqram çərçivəsində pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Müəllimlər İnstitutunun Təcrübə rəhbəri Gülmira Əsədova “Müəllimin peşə mövqeyi və səriştə modeli: müasir təhsil konteksti” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müəllim peşəsinin mahiyyəti, peşə etikası, pedaqoji məsuliyyət və kompetensiya əsaslı yanaşmanın müasir təhsil sistemində rolu geniş şəkildə təhlil olunub.
Daha sonra Riyaziyyat və informatika kafedrasının baş müəllimi Zinyət Əliyeva “Səriştə yanaşması kontekstində dərsin planlaşdırılması” mövzusunda təqdimatla çıxış edərək dərs planlarının hazırlanmasında məqsədyönlülük, nəticəyönümlülük və qiymətləndirmə mexanizmlərinin düzgün qurulması məsələlərinə aydınlıq gətirib.
Üç gün davam edəcək təlim çərçivəsində iştirakçılar interaktiv müzakirələrə cəlb olunub, praktik nümunələr üzərində işləyib və pedaqoji situasiyaların təhlilini aparıblar. Təlim gələcək müəllimlərin peşə səriştələrinin artırılması və onların məktəb mühitinə daha hazırlıqlı şəkildə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir.