25 fevral tarixində Naxçıvan Müəllimlər İnstitutunun Humanitar və ictimai fənlər kafedrasının təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı və müasir dövrdə tarixi ədalətin bərpası” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun rektor vəzifələrini icra edən Elşən Məmmədov Xocalı soyqırımının siyasi-hüquqi mahiyyətindən bəhs edərək, bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu vurğulayıb.
Ümumi işlər üzrə prorektor Xəyal Camalov “Xocalı soyqırımı beynəlxalq konteksdə” mövzusunda çıxış edərək hadisələrin beynəlxalq hüquq normaları baxımından qiymətləndirilməsindən və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.
Humanitar və ictimai fənlər kafedrasının baş müəllimləri Aslan İbrahimov “Xocalı faciəsi: tarixi faktlar və xronologiya”, Qorxmaz Hacızadə isə “Xocalı soyqırımı və milli yaddaşın formalaşmasında ədalət ideyası” mövzularında məruzə ilə çıxış ediblər.
Tədbir mövzu ətrafında açıq müzakirələrlə yekunlaşıb.
Qeyd olunub ki, bu kimi maarifləndirici tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və tarixi yaddaşın qorunmasında mühüm əhəmiyyət daşıyır.

