Naxçıvan Müəllimlər İnstitutunda 27 mart 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birlikdə “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcəkdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli 233 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum)” sənədi əsasında ölkə ümumtəhsil məktəblərinin I-XI siniflərində fənn kurikulumlarının tam tətbiqi cari tədris ilində başa çatır. Ali təhsil pilləsinə builki qəbul kampaniyasının yeni qaydalar əsasında aparılması haqqında rəsmi sənədlər artıq ölkə ictimaiyyətinə təqdim edilmişdir. Onbirillik kurikulum islahatlarının nəzəri-əməli dərkinə cəhd etmək, nəzəriyyə və təcrübənin uyğunluq dərəcəsini müəyyən etmək, kurikulum məsələlərinin dərindən mənimsənilməsi və tətbiqi sahəsində elmi-əməli təcrübə mübadiləsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazırliyi ilə birlikdə “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər” mövzusunda respublika elmi-praktik konfransının keçirilməsi nəzərdə tutulmuşdur.
Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta pillələri üzrə təlimin nəticələri, onların fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarına uyğunluğu, fənn kurikulumlarının hazırlanması zamanı onların səciyyəvi cəhətlərinin nəzərə alınması, konkret fənn kurikulumunun strukturu, məzmunu və təlim strategiyaları, şagird nailiyyətlərinin qiymətləndirilməsi və digər mühüm nəzəri və təcrübi məsələlərinin konfransda peşəkar müzakirəsi planlaşdırılır. Bununla yanaşı ümumi təhsilin bütün pillələri üzrə dərslik komplektləri, qiymətləndirmə vasitələrinin hazırlanması, islahatların həyata keçirilməsi prosesində qiymətləndirmənin məzmun və formasında dəyişikliklərin edilməsi zərurəti, ümumiyyətlə, ümumi təhsil sahəsində kurikulum islahatı sahəsində görülmüş mühüm işlərin ilkin elmi təhlilini vermək, müəyyən ümumiləşdirmələr aparmaq, nəticələri və elmi-əməli tövsiyələri ilə bölüşmək istəyən, habelə təhsilimizin dünəni, bu günü və gələcəyi ilə maraqlanan hər kəs, ilk növbədə:
-bu sahədə çalışan tədqiqatçılar;
-təhsil təşkilatçıları və praktik mütəxəssislər;
-fənn müəllimləri;
-ibtidai sinif müəllimləri;
-ali və orta ixtisas təhsili müəssisələrinin müəllimləri;
-pedaqoq və psixoloqlar əməkdaşlığa dəvət olunur.
Konfransda təqdim ediləcək məruzələrin tezislərinin toplu şəklində nəşr edilməsi planlaşdırılır.
Mövzu üzrə aktual problemlərə həsr olunmuş məruzə ilə konfransda iştirak etmək istəyənlər 10 mart 2019-cu il tarixədək materialın tezislərini nmi.elmihisse@gmail.com elektron ünvanına göndərə və ya elektron daşıyıcılarda Naxçıvan Müəllimlər İnstitutunun Elmi hissəsinə (otaq № 209) təqdim edə bilərlər.
Materialların tərtibinə dair tələblər:
– kağızın formatı – A4, Word redaktorunda;
– materialın başlığı Times New Roman, 12 Pt, tünd, böyük hərflərlə ortada;
– müəllifin adı, soyadı, işlədiyi və ya oxuduğu müəssisənin adı, elmi titulu, elmi dərəcəsi və elmi adı, elektron ünvanı Times New Roman, 12 Pt, normal, sol tərəfdən yazılmalı;
– sətirlərarası interval – 1,5 ölçüdə olmalıdır.
Tezislərin həcmi 1-2 səhifə ola bilər.
Naxçıvan Müəllimlər İnstitutu,
Təşkilat komitəsi
Naxçıvan şəhəri, Heydər Əliyev pr.2.