Qurbanlı Qurban Məmməd oğlu

Filologiya üzrə fəlsəfə doktoru, dosent
Elmi katib

e-mail: qurbanliqurban1@gmail.com

                        

1960-cı ilin 25 dekabrında Şərur rayonunun Keşdaz (indiki Çəmənli kəndində) anadan olmuş, orta təhsilini kənd məktəbində almışdır.  Sovetlər dönəmində Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikadan kənardakı qabaqcıl ali məktəblərə təhsil almağa göndərilənlərdən biri olmuşdur. Belə ki, 1979-1984-cü illərdə Rusiya Federasiyasının N.Q.Çernışevski adına Saratov Dövlət Universitetinin filologiya fakültəsində əyani təhsil alaraq, “Filoloq. Ali məktəblərdə rus dili və ədəbiyyat müəllimi” ixtisasına yiyələnmişdir. Ali təhsilini başa vurub doğulduğu kəndin məktəbində müəllimlik fəaliyyətinə başlamış, 1984-1988-ci illərdə orada rus dilini tədris etmişdir. Eyni zamanda saathesabı qaydasında ozamankı Naxçıvan Dövlət Pedaqoji İnstitunda müəllimlik etmişdir.

1988-2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin (əvvəllər Naxçıvan Dövlət Pedaqoji İnstitutunun) Rus dili (Xarici dillər) kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1994-2006-cı illərdə Naxçıvan Özəl Universitetində (indiki “Naxçıvan” Universitetində) əvəzçiliklə baş müəllim, dekan müavini və dekan vəzifələrində işləmişdir.

2004-2006-cı illərdə NDU-nun Rus dili kafedrasının müdiri olmuşdur.   2006-cı ilin aprelində yeni yaradılmış Xarici dillər fakültəsinin dekanı vəzifəsinə seçilmiş, 2016-cı ilin dekabrınadək sonralar adı Beynəlxalq münasibətlər və xarici dillər olmuş həmin fakültənin dekanı vəzifəsində çalışmışdır.   2015-ci ildə Naxçıvan Müəllimlər İnstitutunda dosent kimi fəaliyyətə başlamışdır. Hazırda Dillər və ədəbiyyat kafedrasının dosentidir. Naxçıvan Müəllimlər İnstitutunun Elmi katibi vəzifələrini icra edir.

2000-ci ildə Bakı şəhərində müqayisəli dilçilik üzrə namizədlik dissertasiyası müdafiə etmiş, Naxçıvan Muxtar Respublikasında rus dili üzrə, habelə bütövlükdə xarici dillər üzrə ilk elmi dərəcəli mütəxəssis olmuşdur.

2006-cı ildə dosent elmi adını almışdır. 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazırliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.

30 ildən artıqdır ki, rus dilindən Azərbaycan dilinə və əksinə elmi, elmi-populyar, publisistik və bədii əsərlərin tərcüməsi ilə  məşğul olur. 10-u kitab olmaqla 70-ə qədər elmi-tədqiqat və tədris-metodik əsərlərin, tədris vəsaiti və proqramların, habelə lüğətlər və tərcümələrin müəllifidir.

Əsərləri Azərbaycan, rus, ingilis, ərəb və başqa dillərdə ölkədə və xaricdə çap olunmuşdur.

Yeni Azərbaycan Partiyasının  üzvüdür.